Xudu Məmmədov küçəsindəki tikinti ilə bağlı suallar: Layihədən kənara çıxılıb? - VİDEO
Bakı şəhərinin Xətai rayonu, Xudu Məmmədov küçəsi, giriş 317 ünvanında inşa edilən qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı ciddi suallar yaranıb. Rəsmi sənədlərdə obyektin “1 mərtəbəli, zirzəmili” ticarət binası kimi göstərilməsinə baxmayaraq, faktiki vəziyyətdə artıq ikinci mərtəbənin də inşa olunduğu müşahidə edilir.
Patrul.az xəbər verir ki, tikinti ilə bağlı məlumatlara əsasən, işləri “CAVANŞİR TİKİNTİ LAYİHƏ” MMC həyata keçirir. Tikinti obyektinə icazə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilib. İcazənin nömrəsi ETİ-13/26, tarixi isə 20.02.2026-cı il göstərilib.
Sənədlərə əsasən, obyektin tikinti sahəsi 216,96 kvadratmetr, ümumi sahəsi isə 343,64 kvadratmetr təşkil edir. Ən diqqətçəkən məqamlardan biri “mərtəbələrin sayı” bölməsində binanın “1 mərtəbəli, zirzəmili” kimi qeyd olunmasıdır.
Lakin ərazidən yayılan videogörüntülər və yerli sakinlərin müşahidələri fərqli mənzərə ortaya qoyur. Görüntülərdən aydın görünür ki, obyektin ikinci mərtəbəsi artıq inşa olunub və tikinti işləri davam etdirilir. Bu isə təsdiqlənmiş layihədən kənara çıxılması ilə bağlı suallar yaradır.
Məsələnin digər mühüm tərəfi isə “zirzəmi” anlayışı ilə bağlıdır. Tikinti normalarına əsasən, zirzəmi hesab olunan hissənin əsas bölümü torpaq səviyyəsindən aşağıda yerləşməlidir. Onun döşəməsi yer səviyyəsindən aşağı olur və konstruksiyanın müəyyən hissəsi torpaq altında qalır.
Əgər konstruksiya faktiki olaraq tam şəkildə yerüstü mərtəbə kimi inşa edilirsə, geniş pəncərələrə və girişlərə malikdirsə, bu halda ona yalnız “zirzəmi” adı verilməsi kifayət etmir. Belə konstruksiyalar bir çox hallarda ayrıca mərtəbə kimi qiymətləndirilir.
Bu səbəbdən ictimaiyyətdə belə bir sual yaranır: sənəddə “1 mərtəbəli, zirzəmili” kimi göstərilən obyekt faktiki olaraq iki mərtəbəli bina kimi inşa edilirsə, bu vəziyyətə hansı qurumlar nəzarət edir və tikintinin təsdiqlənmiş layihəyə uyğunluğu necə yoxlanılır?
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.






