“Yeni Agentliyin yaradılması hər birimizin təhlükəsizliyinə birbaşa təsir edən struktur islahatıdır” - Elvin Abbasov
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Yaradılan Agentlik ölkə üzrə kibertəhlükəsizlik məsələsinə necə təsir göstərəcək?
Patrul.az mövzu ilə bağlı fikirlərini öyrənmək üçün İT mütəxəssisi Elvin Abbasova müraciət edib.
Mütəxəssisin sözlərinə görə, Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) yaradılması, rəqəmsal dünyada hər birimizin təhlükəsizliyinə birbaşa təsir edən struktur islahatıdır:
“Bank hesablarımızdan dövlət xidmətlərinə, şəxsi telefonlarımızdan sosial şəbəkələrə qədər bütün fəaliyyətlərin onlayn mühitə daşınması, kibertəhlükəsizliyi sırf texniki bir sahə olmaqdan çıxarıb gündəlik təhlükəsizlik ehtiyacına çevirib. Dövlətin bu addımı rəqəmsal sahədəki dağınıqlığı aradan qaldırmaq, tənzimləməni mərkəzləşdirmək və vahid koordinasiya yaratmaq zərurətindən irəli gəlir”.

Həmsöhbətimiz, idarəetmə və fəaliyyət mexanizmi baxımından yeni strukturun iş fəlsəfəsinin fərqli bir yanaşmaya əsaslandığını vurğulayıb:
“Agentlik baş vermiş kiberhücumların sadəcə fəsadlarını aradan qaldırmaqla kifayətlənməyib, potensial riskləri əvvəlcədən təsbit edən preventiv (qabaqlayıcı) tədbirlərə fokuslanacaq. Qurumun publik hüquqi şəxs statusu və özünümaliyyələşdirmə modeli isə ona bürokratik asılılıqdan kənar çeviklik qazandırır. Bu maliyyə arxitekturası, İT sahəsində ən çox yaşanan yerli mütəxəssislərin və istedadların xaricə və ya özəl sektora qaçışı (brain drain) probleminin qarşısını almağa, bazara uyğun rəqabətli şərtlərlə güclü kadr potensialı toplamağa zəmin yaradır.
Eyni zamanda, bu struktur ölkədəki mövcud koordinasiya boşluğunu qapatmaq missiyasını daşıyır. Dövlət qurumları, maliyyə-bank sektoru, internet provayderləri və operatorlar arasında operativ məlumat mübadiləsini təmin edən vahid bir mərkəz (Milli CERT) fəaliyyət göstərəcək. Fərmanda dövlət orqanları və kritik infrastrukturlarla bağlı xüsusi limitlərin qoyulması isə digər xüsusi xidmət orqanları ilə səlahiyyət toqquşmalarının qarşısını almağa hesablanmış rasyonal bir bölgüdür. Bu struktur sayəsində ölkə səviyyəsində hər hansı bir təhdid yaranarsa, subyektlər sinxron və sürətli şəkildə hərəkətə keçə biləcək”.
Vətəndaş müstəvisində ən əsas məqamın fərdi məlumatların və rəqəmsal hüquqların qorunması mexanizmi olduğunu bildirən E.Abbasov əlavə edib:
“Fərdi verilənlərin qanunsuz toplanması və işlənilməsinə, eləcə də internetdə yayılması qadağan olunan informasiyalara qarşı nəzarətin bu Agentliyə həvalə edilməsi rəqəmsal gigiyenanı qanunvericilik aktlarından birbaşa praktik tətbiq mərhələsinə keçirir. Transmilli kiberhücumlarla mübarizədə xarici tərəfdaşlarla qurulacaq beynəlxalq əməkdaşlıq isə Azərbaycanın qlobal arenada rəqəmsal çəkisini tənzimləyəcək. Bu transformasiyanın real nəticələri və effektivliyi isə qurulacaq infrastrukturun yaxın dövrdə nə dərəcədə çevik işləyəcəyindən asılı olacaq”.
Ləman Sərraf






