media-1686292399_card8

Bank kartınızdan cəmi bir neçə qəpik və ya kiçik məbləğ çıxıldığını görsəniz, bunu texniki xəta hesab edib diqqətdən kənarda qoyardınız? Halbuki bəzi hallarda məhz belə əməliyyatlar kart məlumatlarının ələ keçirilməsinin ilk əlaməti ola bilər.

Bank kartından vətəndaşın xəbəri olmadan kiçik məbləğlərin çıxılması zamanı o, hansı hüquqlara malikdir və belə hallarda bankın məsuliyyəti necə müəyyən edilir?

Bu barədə hüquqşünas Rüstəm Əzimzadə Patrul.az-a açıqlamasında bildirib ki, vətəndaşın xəbəri olmadan kartdan istənilən məbləğin silinməsi icazəsiz əməliyyat sayılır və qanunvericiliyə görə onun mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir:

“Bank kartından vətəndaşın xəbəri və razılığı olmadan, xüsusən də kiçik məbləğlərdə vəsaitin silinməsi məsələsi bilavasitə istehlakçıların hüquqlarının müdafiəsi və bank-müştəri münasibətlərində təhlükəsizliyin təmin edilməsi kontekstində tənzimlənir. Təcrübədə bu cür hallarla qarşılaşan vətəndaşların hüquqları və bankların məsuliyyəti əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun normalarına əsasən müəyyən edilir. Qanunvericiliyə görə, məbləğin az və ya çox olmasının hüquqi baxımdan heç bir fərqi yoxdur; icazəsiz icra olunan hər bir ödəniş əməliyyatı vətəndaşın mülkiyyət hüququnun pozulması deməkdir və qanunsuzluq hər iki halda eyni qaydada qiymətləndirilir”.media-media-img-20260420-wa0025-bft3m0

R.Əzimzadə qeyd edir ki, əgər əməliyyatın müştəri tərəfindən təsdiqləndiyi bank tərəfindən sübuta yetirilməzsə, vəsait dərhal qaytarılır və sübutetmə öhdəliyi bankın üzərinə düşür:

“Məsələnin əsas hüquqi mahiyyəti ondan ibarətdir ki, vətəndaşın icazəsiz ödəniş əməliyyatına etiraz etmək və həmin vəsaitin geri qaytarılmasını tələb etmək (beynəlxalq təcrübədə tətbiq edilən Chargeback — etiraz prosesi) fundamental hüququ var. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun tələblərinə əsasən, əgər əməliyyatın müştəri tərəfindən avtorizasiya edildiyi (yəni 3D Secure, OTP şifrə və ya PİN kod vasitəsilə təsdiqləndiyi) bank tərəfindən sübuta yetirilməzsə, bank həmin icazəsiz əməliyyatın məbləğini dərhal müştəriyə geri qaytarmağa borcludur. Hüquqi tənzimləməyə görə burada sübutetmə öhdəliyi vətəndaşın deyil, bankın üzərinə düşür. Bank müştərinin hesabındakı vəsaitlərin qorunmasına və sərəncamların yalnız mülkiyyətçinin iradəsi ilə icra olunmasına görə birbaşa mülki məsuliyyət daşıyır”.

Onun sözlərinə görə, kartdan xəbərsiz çıxılan kiçik məbləğlərdə vətəndaş əməliyyatın araşdırılmasını tələb edə, zərurət olduqda isə Mərkəzi Banka, məhkəməyə və ya hüquq-mühafizə orqanlarına müraciət edə bilər:

Bununla yanaşı, bu növ kiçik məbləğli silinmələr çox vaxt kibercinayətkarların fırıldaqçılıq sxemləri (məsələn, kart məlumatlarının qanunsuz ələ keçirilməsi və ya gizli abunəlik tələləri) nəticəsində baş verir. Vətəndaşın öz hesabı barədə tam və dəqiq məlumat almaq, bankdan əməliyyatın detallarını (tarix, saat, xidmət provayderi və s) əks etdirən rəsmi çıxarış tələb etmək hüququ var. Əgər bank vətəndaşın rəsmi etiraz ərizəsini qəbul etməkdən boyun qaçırarsa və ya araşdırmadan əsassız imtina edərsə, vətəndaşın nəzarətçi orqan qismində Azərbaycan Respublikasının Mərkəzi Bankına şikayət etmək və ya dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ qanunla təsbit olunur. Açıq kiberfırıldaqçılıq halları müəyyən edildikdə isə vətəndaş zərərçəkmiş şəxs kimi hüquq-mühafizə orqanlarına (DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə) müraciət etmək hüququna malikdir”.

Hüquqşünas vurğulayır ki, vətəndaş kart məlumatlarını özü paylaşıbsa məsuliyyət daşıya bilər, məlumatlar xəbəri olmadan oğurlanıbsa isə hüquqları qanunla qorunur:

“Məsələnin yekun hüquqi izahı ondan ibarətdir ki, əgər vətəndaş öz ehtiyatsızlığı ucbatından kart məlumatlarını və ya təhlükəsizlik şifrələrini öz iradəsi ilə üçüncü şəxslərə ötürübsə, qanunvericilik bankları bu məsuliyyətdən azad edir. Lakin kart məlumatları vətəndaşın xəbəri olmadan, sistem boşluqları və ya kiber-müdaxilələr vasitəsilə oğurlanıbsa, dövlətin müvafiq qanunvericiliklə müəyyən etdiyi əsas məqsəd maliyyə bazarlarında istehlakçıların hüquqlarını qorumaq və vətəndaşın bank hesabındakı toxunulmazlığını tam təmin etməkdir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər