"Cəmiyyətdə növbə mədəniyyəti tam formalaşmayıb" - Sosioloq
Məlum olduğu kimi, insanlar müxtəlif xidmətlərdən istifadə edərkən uzun növbələrdə gözləməkdən qaçmağa çalışırlar. Eyni zamanda, öz haqlarını tələb etmək və müdafiə etmək məsələsində də passiv qalmaq halları müşahidə olunur.
Bəs niyə insanlar uzun növbədə gözləməyə səbrlə yanaşmırlar?
Bu barədə Patrul.az-a açıqlamasında sosioloq İlkin Məmmədkərimov bildirib ki, növbədə irəliləməyə çalışmaq və haqqını müdafiə etməmək cəmiyyətdə növbə mədəniyyətinin olmamasını və manqurtlaşmanı göstərir:
“Bizdə ümumiyyətlə heç vaxt, millət olaraq, növbə mədəniyyəti olmayıb. İstər xəstəxana olsun, istərsə də bankomat. Tutaq ki, növbəyə durarkən insanlar çalışırlar ki, biri digərinin növbəsinə keçsin, daha tez, hətta birinci olaraq xidmətlərdən istifadə etsin. Halbuki bu, bizdə ciddi problemdir ümumilikdə cəmiyyətdə növbə mədəniyyəti formalaşmayıb. Haqqını tələb etmək, özünü müdafiə etmək anlayışı zəifdir. Bu mövzu əslində daha genişdir. Ümumiyyətlə, cəmiyyətdə müəyyən mənada manqurtlaşma müşahidə olunur. Məsələn, bir problem yaranır, bir nəfər etiraz edir, digərləri isə sanki bu dünyadan deyillər – elə bil həmin problem onlara aid deyil, onlardan yan keçir. Halbuki eyni problemdən onlar da əziyyət çəkirlər”.

Sosioloqun sözlərinə görə, vətəndaşlar başqa ölkədəki digər şəxslərin bu cür məsələrlərdə aktivliklərini misal göstərsə də, özləri buna əməl etmirlər:
“Maraqlıdır ki, söhbət zamanı insanlar tez-tez başqa ölkələri misal gətirirlər: “Orada belədir, bizdə niyə yoxdur?” Amma “vətəndaş olaraq sən nə etmisən?” sualı veriləndə susurlar. Çünki özləri heç nə etməyiblər. Heç bir addım atmadan inkişaf etmiş ölkələrin təcrübələrinin burada tətbiq olunmasını arzulayırlar. Halbuki bunun üçün əvvəlcə vətəndaş olmaq lazımdır – öz haqqını bilmək və müdafiə etmək lazımdır. Ölkələr vətəndaşların birliyi, həmrəyliyi və haqlarını qorumaq iradəsi ilə inkişaf edir, normal cəmiyyətə çevrilir. Əgər cəmiyyətdə manqurtlaşma sürətlə yayılırsa, bu halda inkişafdan danışmaq mümkün deyil”.
Cəmilə Cəfərzadə






