Cəmiyyətimizdə niyə insanlar aqressiv davranışlara can atır? - Psixoloqdan AÇIQLAMA
Son zamanlar cəmiyyətimizdə müxtəlif yaş kateqoriyalarına aid insanların aqressiv davranışları ilə daha tez-tez qarşılaşırıq. Məsələn, televiziya verilişlərində demək olar ki, hər gün qalmaqallar, atmacalı və təhqiramiz ifadələr müşahidə olunur. Real həyatda ailədaxili gərginliklər artır, hətta yeniyetmələr arasında aqressiya və qəzəb zəminində törədilən hüquqpozma və cinayət halları da diqqət çəkir.
Cəmiyyətimizdə aqressiyanın bu qədər artmasının əsas səbəbləri nədir? Həmçinin, insanların gündəlik həyatda topladığı gərginliyi azaltması və emosiyalarını sağlam şəkildə idarə etməsi üçün hansı psixoloji tövsiyələrə ehtiyac var?
Bu barədə Patrul.az-a psixoloq Ülviyə Murtuzova öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, aqressiyanın yaranması insanların həyata baxış bucağından asılıdır:
“Cəmiyyətdə ailə üzvlərinin bir-birinə, eləcə də insanların bir-birinə qarşı münasibətlərində aqressiyanın artmasını konkret bir səbəblə əlaqələndirmək düzgün deyil. Burada bir neçə amil mövcuddur və bu, insanların həyata baxış bucağından asılı olaraq fərqlənir. Hər kəs yaşadığı problemlər fonunda özündə aqressiya formalaşdıra bilər. Məsələn, bəzi insanlarda bu, şəxsi münasibətlər zəminində, digərlərində isə sosial məsələlər, iş və karyera ilə bağlı problemlər səbəbindən yaranır. İşini və ya doğmalarını itirmə qorxusu, yaşanan ciddi psixoloji pozuntular və psixi xəstəliklər də aqressiyaya səbəb ola bilər”.
Ü. Murtuzovanın fikrincə, psixoloji amillərlə yanaşı, insanın səhhətində yaranan problemlər də aqressiv davranışlara səbəb olur:
“Həmçinin bəzi tibbi xəstəliklər var ki, onlar birbaşa insanda aqressiya yaradır. Məsələn, güclü ağrılara dözə bilmədikdə insanda başqalarına qarşı emosional çılğınlıq və aqressiv davranışlar müşahidə olunur. Təbii ki, aqressiyanın daxili və xarici növləri var. Xarici aqressiyaya sahib olanlar qışqırır, dağıdıb-sındırır. Daxili aqressiyada isə insan öz içinə qapanır, ətrafdakılardan təcrid olunur, kinli və sərt baxışlar sərgiləyir, susqunlaşır. Bu, kimləsə münasibət qurmaq istəməmək, verilən suallara cavab verməmək kimi hallarda özünü göstərir. Bu fərqli təzahürlər insanın fərdi inkişaf səviyyəsindən asılıdır.
Bir-birinə qarşı aqressiv davranan, qışqıraraq danışan insanlar, adətən diqqət mərkəzində olmaq və “mən haqlıyam” deyərək özünü təsdiq etmək istəyində olurlar. Halbuki özünə güvənən və doğruluğuna əmin olan insanlar fikirlərini bağıraraq deyil, sakit və səlis tonda ifadə edirlər. Aqressiya anadangəlmə deyil, sonradan formalaşan bir duyğudur”.

Psixoloqun sözlərinə görə, bəzən valideynlərin uşaqlara verdiyi yanlış tövsiyələr də onların cəmiyyətə qarşı aqressiv formalaşmasına səbəb olur:
“Aqressiyanın müəyyən hallarda irsi ötürülmə ehtimalı da var. Əgər ailədə övlad aqressiv davranırsa, bu, çox zaman evdə sərgilənən aqressiv münasibətlərin nəticəsi olur. Uşaq ailə üzvlərinin bir-birinə və ətrafdakı insanlara qarşı aqressiv davranışları ilə böyüyürsə, nəticədə bunu normativ ünsiyyət və davranış forması kimi qəbul edir. Bəzən valideyn uşağa belə məsləhət verir: “”Özünü təsdiq etmək üçün susma, dərhal cavab ver, qarşı tərəfi sözlərinlə susdur”. Bu kimi yanlış yanaşmalar uşaqların aqressiv formalaşmasına gətirib çıxarır.
Əgər biz bir-birimizə qarşı mənfi xüsusiyyətləri qabardaraq, kimisə rəncidə və alçaltmaq məqsədilə aqressiv formada danışırıqsa, deməli, başqalarının gözündə özümüzü təsdiqləməyə çalışırıq. Aqressiya heç bir halda xarakter və ya xasiyyət göstəricisi deyil və ola da bilməz. Bu, əksinə, ciddi psixoloji problem və ya psixi pozuntunun göstəricisi ola bilər”.
Gülbəniz Səfərova






