media-inshot_20260210_204556937

Cəzaların icrası mexanizmi ilə bağlı qanunvericiliyə dəyişiklik olunmasının nəzərdə tutulması hüquq ictimaiyyətində və cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Təklif edilən yeni qaydalara əsasən, məhkum cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, cərimə məbləğinin onun əməkhaqqına və ya digər gəlirlərinə birbaşa yönəldilməsi nəzərdə tutulur.

Bəs bu dəyişikliklərin əsas hədəfləri nələrdir?

Bununla bağlı 30 saylı Vəkil Bürosunun vəkili Ramil Vəliyev Patruı.az-ın sualını cavablandırıb.

Onun sözlərinə görə, bu dəyişikliklər dövlətin cərimələrin effektiv icrasına marağını təmin etməklə yanaşı, mövcud icra mexanizmindəki boşluqları aradan qaldıraraq prosesi daha operativ və nəticəyönlü etməyi hədəfləyir:

“Bu dəyişikliklərə münasibət bildirərkən məsələyə həm dövlətin maraqları, həm də şəxsin fundamental hüquqları prizmasından yanaşmağı zəruri hesab edirəm.Hazırkı icra mexanizmi praktikada ciddi çətinliklər yaradır. Cərimələrin könüllü ödənilməməsi, icra prosesinin uzanması, bəzi hallarda isə cərimələrin faktiki olaraq ödənilməməsi dövlət üçün effektiv olmayan nəticələr doğurur. Bu baxımdan, cərimələrin icrasının daha operativ və nəticəyönlü mexanizmlə təmin olunması hüquqi baxımdan anlaşılandır. Yeni yanaşma məhz bu boşluğu aradan qaldırmağa yönəlib və rəsmi gəliri olan şəxslər üçün icranın sürətləndirilməsini hədəfləyir”.media-inshot_20260210_204344448

R. Vəliyev vurğulayır ki, mexanizm tətbiq edilərkən sosial həssas qrupların və şəxsin minimum dolanışıq hüququnun qorunması əsas şərt olmalıdır:

“Bununla belə, nəzərdə tutulan mexanizm şərtsiz və nəzarətsiz şəkildə tətbiq edilərsə, bir sıra ciddi hüquqi risklər yarada bilər.Əməkhaqqından tutulmalar zamanı tutulmanın maksimal faiz həddi, şəxsin və ailə üzvlərinin minimum dolanışıq səviyyəsi və sosial həssas qrupların (əlillər, pensiyaçılar, az təminatlı şəxslər) vəziyyəti nəzərə alınmalıdır. Hər bir icra tədbiri fərdi yanaşma əsasında həyata keçirilməlidir. Şəxsin real maddi imkanları, ailə vəziyyəti və digər hallar nəzərə alınmalıdır”.

Vəkil həmçinin qeyd edir ki, dəyişikliklər yalnız hüquqi balans və sosial ədalət qorunmaqla effektiv ola bilər:

“Nəzərdə tutulan dəyişikliklər cəzaların icrasının təkmilləşdirilməsi özü-özlüyündə düzgün və zəruri addımdır. Lakin məqsəd icra intizamını gücləndirmək olsa da, bu proses hüquqi balans qorunmaqla, sosial ədalət prinsipinə uyğun, aydın mexanizmlər və effektiv nəzarət sistemi ilə müşayiət olunmalıdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər