Çin əsir götürülmüş vətəndaşları ilə bağlı Kiyevə cavab verdi: “Məsuliyyətsiz danışmayın”
Çin Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya tərəfində döyüşən Çin vətəndaşları ilə bağlı iddialarına kəskin açıqlama verib.
Patrulaz.az “Reuters”ə istinadən xəbər verir ki, Zelenski hazırda cəbhədə 155 Çin vətəndaşı Rusiya ordusunun tərkibində döyüşdüyünü bildirib. O, həmçinin Rusiya qüvvələrinin irəlilədiyi Ukraynanın şərqində iki Çin vətəndaşının əsir götürüldüyünü də qeyd etmişdi.
Bu açıqlamalara Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian cavab verib: “Bir daha qeyd etmək istərdim ki, Çin Ukrayna böhranının nə təşəbbüskarı, nə də iştirakçısıdır. Biz böhranın sülh yolu ilə nizamlanmasının qəti tərəfdarıyıq. Aidiyyəti tərəfləri məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağırırıq”.
Pekin, müharibədə neytral tərəf olduğunu vurğulayaraq, öz vətəndaşlarına münaqişə bölgələrindən uzaq durmağı tövsiyə etdiyini bir daha xatırladıb.
Qeyd edək ki, Ukrayna tərəfi Çin vətəndaşlarının Rusiya tərəfindən sosial şəbəkələr vasitəsilə işə götürüldüyünü, onların hərbi hissələrə təyin olunması ilə bağlı detallı siyahıların hazırlandığını da bildirib. Çin isə bu iddiaları əsasız sayaraq, məsələ ilə bağlı əlavə şərh verməkdən yayınıb.
Gülbəniz Səfərova