“Çiyin ağrıları 40 yaşdan yuxarı insanlarda daha çox müşahidə olunur” – FİZİOTERAPEVT
“Çiyin ağrıları yuxarı ətrafda olan və ən sıx rastlanan ağrılardandır. Belə ki, 40 yaşdan yuxarı insanlarda daha çox müşahidə olunur”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında fizioterapevt Şəhla Qafarova deyib.
O bildirib ki, çiyin ağrıları müxtəlif səbəblərdən, çiyinin öz zədələrindən və digər xəstəliklər nəticəsində yaranan hərəkət məhdudiyyətindən ola bilər:
-boyun fəqərəarası yırtıqlar zamanı;
-çiyin travmaları;
-çiyin bağlarının dartılması, əzilməsi;
-yuxarı ətrafların, kürək sümüyünün sınıqları zananı hərəkət məhdudluğu;
-adətı çiyin oynağı çıxıqları və s.
Çiyin oynağı quruluşuna görə mürəkkəb oynaq olduğundan müalicəsi də vaxtında və yetərli qədər olmalıdır. Bəzən işemik insult, sınıqlar və digər zədələnmələrdən sonra hərəkətsizlik nəticəsində “donmuş çiyin sindromu” meydana gələ bilər ki, bu da hərəkət məhdudiyyəti ilə yanaşı güclü ağrı verir.
Ümumiyyətlə çiyin ağrıları çox dözülməz və əzabverici olur. Bu səbəbdən həkimin ilk məqsədi ağrını aradan qaldırmaq və səbəbdən asılı olaraq müalicə proqramı hazırlamaqdır. Bu zaman fizioterapevtik müalicə ən effektiv yoldur. Lokal olaraq analqetik cərəyanlardan istifadə olunur.
Oynaq hərəkəti məhdudlaşdığından oynaq mayesinin həcmində azalma olur. İonoforez vasitəsilə lazım olan preparatın ionların birbaşa zədələnmiş nahiyyəyə göndərmək və bərpa etmək olur. Lakin hansı proseduru seçmək, hansı dərmanı təyin etmək bilavasitə həkimin bilik və təcrübəsinə əsaslanır.
Çiyin ağrılarında ultrasəslə müayinə zamanı isə zədələnmiş toxumaların bərpası və qığırdaq əmələ gəlməsində çox əhəmiyyətli rol oynayır. Bu vəziyyətdə tibb yeniliyi olan proloterapiya da gözəl nəticə verir.
Bütün görülən tədbirlərlə yanaşı, əzələlərlə işləyib oynaq hərəkət açıqlığını artırmaq, hərəkət məhdudiyyətini aradan qaldırmaq, əzələ gücünü qaytarmaq həkimin əsad məqsədidir”.