media-inshot_20260708_155711742

“Ankarada keçirilən 36-cı NATO Zirvə Toplantısı dəyişən qlobal təhlükəsizlik arxitekturası fonunda Alyansın gələcək prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Zirvənin məhz Türkiyədə keçirilməsi isə ayrıca siyasi əhəmiyyətə malikdir. Çünki Ankara son illərdə NATO daxilində, xüsusilə alyansın cənub cinahının təhlükəsizliyi, terrorla mübarizə, Yaxın Şərqdə baş verən proseslər və müdafiə sənayesi məsələlərində daha fəal mövqe nümayiş etdirən ölkələrdən biridir”.

Bu sözləri Patrul.az-a açıqlamasında politoloq Rəşad Bayramov Ankarada 32 ölkənin dövlət və hökumət başçısının iştirak etdiyi 36-cı NATO Zirvə Toplantısının əhəmiyyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, sammitdə əsas müzakirə mövzusu dünyada regional təhlükələrin artmasını nəzərə alaraq NATO-nun hərbi xərclərinin artırılması zərurətidir:

“Zirvənin əsas gündəm maddələrindən biri NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsi və üzv ölkələrin müdafiə xərclərinin artırılması məsələsidir. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Avropanın təhlükəsizlik mühitində yaranan qeyri-müəyyənlik və ABŞ-nin müttəfiqlərdən daha çox məsuliyyət tələb etməsi bu mövzunu alyans üçün prioritetə çevirib. Liderlərin çıxışlarında əsas mesajlardan biri ondan ibarətdir ki, NATO əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb və çoxşaxəli təhlükəsizlik çağırışları ilə üz-üzədir və buna uyğun olaraq hərbi imkanlarını artırmalıdır”.

Həmsöhbətimiz sammitdə iştirak edən ABŞ Prezidenti Donald Trampın qeyd etdiyi məqamlara da toxunub:

“ABŞ Prezidenti Donald Trampın iştirakı da sammitin əsas siyasi elementlərindən biri kimi qiymətləndirilə bilər. Trampın çıxışlarında artıq uzun müddətdir əsas xətt müttəfiqlərin müdafiə yükünü daha çox bölüşməsi ilə bağlıdır. O, uzun müddətdir vurğulayır ki, Avropa ölkələri öz təhlükəsizliyi üçün daha böyük maliyyə və hərbi məsuliyyət daşımalıdır. Onun İran məsələsində bəzi Avropa ölkələrinin mövqeyindən narazılığını ifadə etməsi isə göstərir ki, Vaşinqton artıq müttəfiqlərdən yalnız siyasi deyil, həm də praktiki dəstək gözləyir.

NATO-nun Baş katibi Mark Ruttenin mesajları da bu xəttə uyğun olub. O, alyansın hərbi imkanlarının gücləndirilməsinin vacibliyini vurğulayıb və ABŞ-nin İranla bağlı addımlarına siyasi dəstək ifadə edib. Bu isə göstərir ki, NATO daxilində əsas məqsəd həm rəqiblərə qarşı çəkindirmə imkanlarını artırmaq, həm də alyans daxilində vahid mövqeni qorumaqdır”.

Ekspertin fikrincə, görüşdə iştirak edən Ukrayna Prezidenti Volodimir Zelenskinin NATO-ya üzv dövlətlərdən dəstək gözləntiləri yüksəkdir:

“Ankara zirvəsi Ukrayna üçün də mühüm əhəmiyyət daşıyır. Çünki Kiyevin daha böyük dəstəklə bağlı gözləntiləri var. Zirvə davam etsə də, yekun bəyanata Ukraynaya dəstəklə bağlı bir sıra məqamların daxil ediləcəyinə dair artıq məlumatlar var. Ən mühüm məqam ondan ibarətdir ki, Avropa ölkələri və Kanada Ukraynaya dəstək məsələsində daha böyük məsuliyyət götürəcəklərini bəyan ediblər. Bu isə bir tərəfdən ABŞ-nin Avropadan daha çox yük paylaşması tələbinə cavab vermək, digər tərəfdən isə Ukrayna məsələsində strateji davamlılıq yaratmaq məqsədi daşıyır”.

media-47-1771495580

Politoloq sonda NATO sammitinin Ankarada keçirilməsinin Türkiyə üçün əhəmiyyətini də qeyd edib:

“Türkiyə üçün bu sammit həm təhlükəsizlik, həm də diplomatik baxımdan mühüm imkan yaradıb. Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışlarında əsas mesaj Türkiyənin NATO daxilində yalnız təhlükəsizlik dəstəyi alan deyil, həm də təhlükəsizlik təmin edən ölkə olması olub. Onun çıxışında Ankaranın müdafiə xərclərini artırdığı, milli müdafiə sənayesini inkişaf etdirdiyi və alyansın imkanlarına töhfə verdiyi açıq şəkildə nümayiş olunub.

Ərdoğan-Tramp görüşü də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. F-35 proqramına qayıdış və KAAN layihəsi üçün mühərrik məsələlərinin müzakirəsi göstərir ki, Ankara-Vaşinqton münasibətlərində əsas müzakirə istiqamətlərindən biri müdafiə sənayesidir. Türkiyə ABŞ ilə strateji əməkdaşlığı bərpa etmək istəyir, Vaşinqton isə Ankaranın NATO daxilindəki rolunu nəzərə alaraq münasibətləri idarə etməyə çalışır.

Artıq indidən demək olar ki, bu sammit Türkiyənin regional rolunu daha da ön plana çıxarıb. Trampın Ankara ilə bağlı açıqlamalarında Ərdoğanın Yaxın Şərqdəki təsir imkanlarına toxunması göstərir ki, ABŞ Türkiyəni yalnız NATO çərçivəsində deyil, həm də regional böhranların idarə olunmasında mühüm tərəfdaş kimi görür.

Ümumiləşdirərək demək olar ki, NATO-nun Ankara zirvəsində səsləndirilən çıxışlar və müəyyənləşdirilən hədəflər bir sıra mühüm mesajları özündə ehtiva edir. ABŞ alyans daxilində daha ədalətli yük bölgüsü tələb edir, NATO yeni təhlükəsizlik çağırışlarına uyğun olaraq hərbi imkanlarını artırır, Türkiyə isə bu yeni mərhələdə özünü NATO-nun regional və strateji əhəmiyyətə malik əsas üzvlərindən biri kimi təqdim edir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər