media-inshot_20260708_151603367

Güclü külək və təhlükəli hava şəraiti ilə bağlı rəsmi xəbərdarlıqlara baxmayaraq, hər il insanlar dənizə üz tutmağa davam edir. Bəziləri isə riski bildiyi halda qadağalara məhəl qoymur. Görəsən, insanları bu təhlükəli qərarı verməyə nə vadar edir? Risk hissinin zəifləməsinin və “mənə heç nə olmaz” düşüncəsinin arxasında hansı psixoloji amillər dayanır?

Bu barədə psixoloq Nizami Orucov Patrul.az-a öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə,bir çox insan təhlükənin real olduğunu bilsə də, onun özünə aid olmayacağını düşünür:

“İlk növbədə, insanlar çox vaxt “bu, mənim başıma gəlməz” düşüncəsinə qapılırlar. Psixologiyada bu, optimizm qərəzi adlanır. İnsan təhlükənin mövcud olduğunu qəbul etsə də, onun başqaları üçün keçərli olduğunu, özünün isə həmin riskdən yayınacağını düşünür. Digər səbəb riskə öyrəşməkdir. Əgər insan əvvəllər də xəbərdarlığa baxmayaraq dənizə gedib və heç nə baş verməyibsə, onda yalançı təhlükəsizlik hissi formalaşa bilər. “Keçən dəfə də getmişdim, heç nə olmadı” düşüncəsi növbəti dəfə də eyni riski etməyə sövq edir”.

media-img-20260423-wa0051

N. Orucov qeyd edir ki, istirahət etmək istəyi, dostların təsiri, eləcə də başqalarının davranışı insanın təhlükəni düzgün qiymətləndirməsinə mane olur:

“Bəzən emosiyalar məntiqi üstələyir. İstirahət etmək istəyi, dostların təsiri, “bir dəfədir” düşüncəsi və ya macəra axtarma meyli təhlükəni düzgün qiymətləndirməyə mane olur. Xüsusilə yeniyetmələr və gənclərdə riskə meyillilik daha yüksək olduğu üçün belə qərarlar daha çox müşahidə edilə bilər. Sosial təsir də mühüm amildir. İnsan çimərlikdə başqalarının suya girdiyini görəndə təhlükəni olduğundan daha kiçik hesab edə bilər. Bu zaman “hamı girirsə, deməli təhlükəli deyil” kimi yanlış qənaət yaranır”.

Psixoloq vurğulayır ki, xəbərdarlıqlara əməl etmək insan həyatını qorumaq üçün həyati əhəmiyyət daşıyır:

“Bu səbəbdən təkcə xəbərdarlıq etmək bəzən kifayət etmir. İnsanlar təhlükənin real nəticələrini dərk etməli və riskin hər kəs üçün keçərli olduğunu anlamalıdırlar. Təbiət fərdi cəsarətə və ya təcrübəyə görə istisna etmir. Ona görə də küləkli hava ilə bağlı edilən xəbərdarlıqlar formal xarakter daşımır. Onlara əməl etmək həm insanın öz həyatını, həm də sonradan xilasetmə əməliyyatlarında iştirak edən insanların təhlükəsizliyini qorumaq baxımından vacibdir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər