media-inshot_20260708_152428444

Yay mövsümündə dağlıq, meşəlik və kənd ərazilərində istirahət edən insanların ilanlarla qarşılaşma ehtimalı artır. Mütəxəssislər bildirirlər ki, ilan sancması hər zaman zəhərlənmə ilə nəticələnməsə də, belə vəziyyətə ciddi yanaşmaq və vaxt itirmədən düzgün ilk yardım göstərmək vacibdir. Ən böyük təhlükələrdən biri isə insanların illərdir doğru hesab etdiyi yanlış müdaxilələrdir.

Patrul.az-ın araşdırmasına görə, zəhərli ilan sancdıqda ilk növbədə zərərçəkənin sakitləşdirilməsi vacibdir. Həyəcan və panika ürək döyüntüsünü sürətləndirərək zəhərin orqanizmə daha tez yayılmasına səbəb ola bilər. Buna görə də insan mümkün qədər az hərəkət etməli, sancılan ətraf isə hərəkətsiz vəziyyətdə saxlanmalıdır. Əgər sancma qol və ya ayaqda baş veribsə, həmin nahiyəni ürək səviyyəsindən aşağıda saxlamaq tövsiyə olunur.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, ilan sancan yeri kəsmək, zəhəri ağızla sorub çıxarmağa çalışmaq, nahiyəni yandırmaq və ya buz qoymaq təhlükəli üsullardır. Bu müdaxilələr nə zəhərin təsirini azaldır, nə də sağalma prosesini sürətləndirir. Əksinə, infeksiya riskini artıraraq əlavə toxuma zədələnməsinə səbəb ola bilər.
Sancılan nahiyədə üzük, qolbaq, saat və ya dar geyim varsa, onları mümkün qədər tez çıxarmaq lazımdır. Çünki zəhərin təsiri ilə yaranan şişkinlik həmin əşyaların qan dövranını pozmasına səbəb ola bilər. Yaraya yalnız təmiz və quru sarğı qoyulması kifayətdir. Turniket bağlamaq isə əksər hallarda tövsiyə edilmir, çünki bu, toxumaların daha ciddi zədələnməsinə gətirib çıxara bilər.

İlanın necə göründüyünü yadda saxlamaq faydalı olsa da, onu tutmağa və ya öldürməyə çalışmaq düzgün deyil. Bu, əlavə sancma riski yaradır. Həkimlər bildirirlər ki, müalicə üçün ən vacib məsələ zərərçəkənin mümkün qədər tez tibb müəssisəsinə çatdırılmasıdır. Lazım gəldikdə, xəstəxanada xüsusi ilan zəhərinə qarşı zərdab tətbiq oluna bilər.
İlan sancmasının əlamətləri sancan növdən və yeridilən zəhərin miqdarından asılı olaraq dəyişə bilər. Sancılan nahiyədə güclü ağrı, şişkinlik, qızartı və göyərmə yarana bilər. Daha ağır hallarda ürəkbulanma, qusma, başgicəllənmə, halsızlıq, nəfəsalma çətinliyi, görmənin bulanması və huşun pozulması müşahidə oluna bilər. Belə əlamətlər təcili tibbi yardım tələb edir.

Mütəxəssislər qeyd edirlər ki, bütün ilanlar zəhərli deyil və bütün sancmalar da zəhərin orqanizmə yeridilməsi ilə nəticələnmir. Buna baxmayaraq, bunu hadisə yerində müəyyən etmək mümkün olmadığından hər bir ilan sancması potensial təhlükəli hesab edilməli və mütləq həkim müayinəsi aparılmalıdır.
İlan sancmasının qarşısını almaq üçün təbiətdə gəzərkən uzun şalvar və bağlı ayaqqabı geyinmək, hündür otlu və kolluq ərazilərdə ehtiyatlı olmaq, daşların və kötüklərin altına əllə toxunmamaq, gecə vaxtı isə fənərdən istifadə etmək tövsiyə olunur. Düşərgə və ya piknik zamanı ətrafın yoxlanılması da qarşılaşma riskini azalda bilər.
Mütəxəssislərin fikrincə, ilan sancması zamanı həyatı xilas edən əsas amil panikaya qapılmamaq, zərərçəkəni hərəkətsiz saxlamaq və vaxt itirmədən peşəkar tibbi yardım almaqdır. Düzgün ilk yardım və vaxtında göstərilən tibbi müdaxilə ağırlaşmaların qarşısını almaqda həlledici rol oynayır.

Ləman Sərraf


Bənzər xəbərlər