"Bu görüşün əsas məqamlarından biri onun vasitəçisiz keçirilməsidir" - Rizvan Nəbiyev
Aprelin 30-da Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrəvana səfər edib. Səfər çərçivəsində Şahin Mustafayev Ermənistanın baş nazir müavini Mher Qriqoryan ilə, həmçinin Azərbaycan və Ermənistanın sərhəd delimitasiyası üzrə komissiyaları Ağveranda danışıqlar aparıblar.
Tərəflər delimitasiya üzrə dövlət komissiyalarının 13-cü iclasında bir sıra mühüm məsələlər və layihələr ətrafında müzakirələr aparıblar.
Həmçinin rəsmilər komissiyaların növbəti iclasının tarixinin iş prosedurlarına uyğun olaraq Azərbaycanda müəyyən edilməsi barədə razılığa gəliblər.
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev bu görüşün əsas diqqətçəkən məqamları barədə Patrul.az-a fikirlərini bölüşüb.
Deputat Ermənistanla vasitəçisiz müntəzəm təmasların olmasını yüksək qiymətləndirib:
“Baş nazirin müavini Şahin Mustafayevin İrəvana səfər etməsi ikitərəfli münasibətlərdə əsası qoyulmuş siyasi dialoqun prinsipial şəkildə həyata keçirilməsinin növbəti mərhələsidir. Xatırladım ki, bundan əvvəl də Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan Qəbələyə səfər etmişdi. Bu baxımdan nümayəndə heyətimizin İrəvana səfərini komissiyanın işinin davamı məqsədi ilə cavab görüşü kimi qiymətləndirmək olar.
Bu görüşün diqqəti cəlb edən əsas məqamlardan biri onun birbaşa keçirilməsidir. Birbaşa baş tutan danışıqların bu formatı özünü doğrultmuşdur.
Qaldırılan məsələlər nəticəyönümlü olduğundan proses vasitəçisiz də davam edir.
Bu səfər həm də göstərir ki, sülh gündəliyindən irəli gələn məsələlər sistemli şəkildə, addım-addım həyata keçirilir. Burada epizodik deyil, davamlıfəaliyyətin, təmasların olması tərəflərin qətiyyətindən irəli gəlir, davamlı sülh əldə etmək niyyətini təsdiqləyir.
Danışıqların seçkiyə yaxın dövrdə baş verməsi müəyyən mənada, dolayısı ilə Paşinyan hökumətinin sülh gündəliyinə dəstək kimi də qiymətləndirilə bilər. Çünki Ermənistanın baş naziri məhz “Real Ermənistan”, “Azərbaycanla münasibətlərin normallaşdırılması” strategiyası vasitəsilə öz seçki gündəliyini formalaşdırır”.
Deputat sülh sazişi imzalanana qədər həyata keçirilməli olan əsas məqamlara da toxunub:
“Bu görüşün verdiyi başqa bir mesaj regiondakı digər aktorlara ünvanlanıb. Ermənistan və Azərbaycan dövlətlərarası münasibətlərin normallaşdırılması istiqamətində sülh gündəliyindən irəli gələn məsələlərin müzakirəsi və həllində israrlıdır, kənar müdaxilə olmadan davam etmək istəyirlər.
Bu proseslərdə ilk növbədə Azərbaycan Prezidentinin sülh gündəliyi prioritet təşkil edir. Paraflanmış sülh sazişinin imzalanması, bu proses baş tutduqdan sonra onun ratifikasiyası, daha sonra isə müvafiq sənədlərin mübadiləsi diplomatik kanallar vasitəsilə həyata keçiriləcək. Yəni paraflanmadan sonra bir neçə hüquqi prosedurlar da icra edilməlidir.
Sülh sazişinin imzalanmasına qədər ən vacib məsələ Ermənistan Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır.
Sadalanan hüquqi prosedurlardan hər hansı biri reallaşmasa, tərəflər arasında sülh sazişi qüvvəyə minməyəcək.
Sülh sazişi qüvvəyə mindikdənsonra, 17 bəndlik bu beynəlxalq müqavilə Azərbaycanla Ermənistan arasında dövlətlər arası münasibətlərinin normallaşdırılmasının fundamenti olacaqdır.
Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının əsasında ərazi bütövlüyü, suverenliyə qarşılıqlı hörmət və Alma-Ata Bəyannaməsinə istinad daxildir. Digər mühüm məqam isə etimad əsasında bu müqavilənin implementasiyasıdır”.
Gülbəniz Səfərova






