“Demoqrafik artımda durğunluq yaranması dövlət üçün təhlükəlidir“- SOSİOLOQ
“Ailədə uşaq sayı insanların şəxsi düşüncə tərzi və qərarına görə dəyişən məsələdir. Lakin zənnimcə, ailədə minimum üç uşaq olmalıdır. Belə ki, biruşaqlı ailələr demoqrafik artımda rol oynamır, “cırtdan ailə” modelini təbliğ edirlər. İkiuşaqlı ailələrin də demoqrafik artımdakı rolları qənaətbəxş deyil və ölkədə əhali sayının artımında o qədər də ciddi rol oynamırlar. Bu səbəbdən də 3,4,5 uşaqlı ailələrin sayının artmasında dövlət maraqlı olmalıdır”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.
O bildirib ki, demoqrafik artımda durğunluq yaranması dövlət üçün təhlükəlidir: “Belə olan halda ailələrin çoxuşaqlılıq meyarına tabe tutulması üçün çoxuşaqlılıq meyarında dəyişiklik edilməlidir. Hazırda ölkəmizdə altı uşaqlı ailələr çoxuşaqlı ailə hesab olunur və imtiyazları mövcuddur. Zənnimcə, bu meyar üç və ya dördə endirilməlidir. Belə olduqda ailələr də uşaq sayının artmasında maraqlı olarlar.
Hazırda bir və ikiuşaqlı ailələrin sayı daha çoxdur. Bu da birbaşa olaraq demoqrafik artımda durğunluq yaradır. Ümumiyyətlə ailələr bu məsələdə maraqlı deyillər, çünki maddi olaraq uşaqlara çata bilmirlər. Bu səbəbdən də çoxuşaqlı ailələrlə bağlı meyarlar, uşaq sayı 3 və ya 4-ə endirilməlidir. Yalnız bu zaman ailələr də uşaq sayının artırılmasında maraqlı ola bilərlər”.