Deputat: "İlham Əliyevin səfəri ölkəmizin dünya siyasətində çəkisini artırır"
“Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin dəvəti ilə bu Misirə səfər edib. Bu səfər, Azərbaycana olan yüksək diqqətin, etimadın və beynəlxalq nüfuzun bariz göstəricisidir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib. O, Prezident İlham Əliyevin Yaxın Şərqdəki proseslərə dəvət olunması, o cümlədən, Azərbaycanın beynəlxalq sülhü dəstəkləməsi istiqamətindəki addımları şərh edib.
“Azərbaycan hər zaman İslam dünyasının ayrılmaz bir parçası kimi, regionda və ümumilikdə müsəlman ölkələri arasında sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsi istiqamətində mühüm rol oynayıb. Ölkəmiz Fələstin məsələsində daim prinsipial və ədalətli mövqe sərgiləyib, Suriyada baş verən hadisələrə münasibətdə isə humanitar və diplomatik sahədə fəal iştirakını davam etdirib”.

C. Məmmədov vurğulayıb ki, səfər yalnız rəsmi xarakter daşımır, eyni zamanda Azərbaycanın ərəb ölkələri və ABŞ-la strateji münasibətlərinin inkişafını göstərir:
“Bu ardıcıl və balanslı siyasət nəticəsində Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş, sözünə və mövqeyinə hörmətlə yanaşılan dövlət kimi tanınır. Misirə həyata keçirilən bu səfər yalnız rəsmi xarakter daşımır, bu, həm də Azərbaycanın ərəb ölkələri və ABŞ ilə münasibətlərinin strateji səviyyədə inkişaf etdiyinin sübutudur.
Azərbaycanın beynəlxalq arenadakı fəallığı, xüsusilə Yaxın Şərqdə sülh, sabitlik və quruculuq proseslərində artan rolu, ölkəmizin uğurlu, çoxşaxəli və balanslı xarici siyasət xəttinin növbəti təsdiqidir. Bu səfər Azərbaycanın dünya siyasətində artan çəkisini və diplomatik çevikliyini bir daha nümayiş etdirir”.
Cəmilə Cəfərzadə






