Disk yırtığı: Səssiz gələn, amma idarə oluna bilən problem
Son illərdə Azərbaycanda bel və boyun ağrıları ilə üzləşən insanların sayı sürətlə artır. Çox vaxt bu ağrılar “soyuqlama”, “yorğunluq” kimi qəbul edilərək vaxt itirilir. Halbuki onların arxasında disk yırtığı (qrija) dayana bilər.
Patrul.az olaraq uzman fizioterapevt Əziz Dəvrişovdan məsələ ilə bağlı açıqlama aldıq.

“Disk Yırtığı Nədir?
Onurğamızdakı fəqərələr arasında yerləşən və hərəkəti asanlaşdıran yumşaq disk strukturları zədələndikdə və ya yerindən sürüşdükdə sinirlərə təzyiq edir. Bu isə bel, boyun, qol və ayaqlarda ağrı, qıcolma, uyuşma kimi əlamətlərə səbəb olur.
Əsas Əlamətlər:
· Davamlı bel və boyun ağrısı
· Oturub qalxarkən ağrının artması
· Ayağa və ya qola vuran sancı
· Barmaqlarda qüvvət itkisi və ya uyuşma
· Uzun müddət eyni vəziyyətdə qala bilməmək
Başlıca Səbəblər:
· Uzun müddət oturaq həyat tərzi
· Yanlış oturma və duruş vərdişləri
· Ağır yükün səhv qaldırılması
· Hərəkətsizlik və zəif əzələlər
· Stress və daimi gərginlik
Ən Vacib Məqam:
Ağrı keçdi deyə problem bitmiş sayılmır. Disk yırtığı bəzən səssizləşir, lakin müalicə olunmadıqda yenidən və daha ağır formada geri qayıda bilər.
Müalicə Perspektivi:
Xoşbəxtlikdən, vaxtında aşkarlandıqda və düzgün müalicə tətbiq edildikdə halların 85-90 faizində cərrahi müdaxiləyə ehtiyac qalmır. Ancaq güc itkisi, iflic və ya digər ciddi nevroloji simptomlar olduqda cərrahi müdaxilə tələb oluna bilər.
Həkimə vaxtında müraciət, düzgün diaqnoz və fərdi müalicə planı təkcə sağlamlığı deyil, həyat keyfiyyətini də qoruyur. Özbaşına dərman qəbul etmək və ya qulaqdan dolma üsullarla müalicə axtarmaq vəziyyəti ağırlaşdıra bilər.
Unutmayın: Ağrıya alışmaq sağlamlıq deyil. Bədəni dinləmək və vaxtında tədbir görmək gələcək problemlərin qarşısını almağın ən effektiv yoludur”.






