media-inshot_20260121_172754148

Orqan transplantasiyası və onun hüquqi tənzimlənməsi Azərbaycan qanunvericiliyində xüsusi əhəmiyyət kəsb edən sahələrdən biridir. İnsan sağlamlığının qorunması, tibbi etik normaların təmin edilməsi və qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə qanunla müəyyən çərçivələr müəyyən edilmişdir. Bu çərçivədə orqanların alınması, verilməsi və transplantasiyası yalnız müəyyən şərtlər daxilində həyata keçirilə bilər. Hüquqi sənədlər donor və alıcı arasındakı münasibətləri, tibbi prosedurların qaydalarını və etik prinsipləri əhatə edir.

Bəs Azərbaycanda bununla bağlı proseslər qanunvericiliyə uyğun necə həyata keçirilir? 

Bu barədə Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, ölkəmizdə orqanların  transplantasiyası yalnız qanuni, könüllü və humanist prinsiplərə əsaslanaraq həyata keçirilə bilər:

“Azərbaycan Respublikasında donor orqanların alqı-satqısı və reklamı qadağandır. Orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır.

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanuna əsasən bu prinsiplərə əməl etməklə həm meyitdən, həm də canlı donordan orqan transplantasiyasına yol verilir.

Digər tibbi üsullarla və meyit donor orqanları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan donor orqanların transplantasiyasına yol verilir.

Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:

– canlı donor resipiyentin yaxın qohumu olduğu halda, qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiq olunmalıdır;

– canlı donor transplantasiya ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır;

– canlı donor orqanların götürülməsinə kənar təsir olmadan, könüllü qərar verdiyinə dair yazılı şəkildə məlumatlandırılmış, razılığını qanunla müəyyən edilmiş qaydada bildirməlidir”.

R. Əliyev qeyd edib ki, Azərbaycan Respublikasında orqan transplantasiyası yalnız qanunla icazə verilən şəxslərdən, donorun həyatı və sağlamlığı risk altına düşmədiyi hallarda və yazılı razılıq əsasında həyata keçirilə bilər:

“Hər hansı şəxsi orqanlarının götürülməsinə məcbur etmək qadağandır. Yaxın qohum olmayan canlı donordan orqanın götürülməsi qanunda müəyyən edilmiş qaydada həyata keçirilə bilər.

Ancaq qanunda canlı donordan donor orqanın götürülməsinə məhdudiyyətlər də mövcuddur. Belə ki, resipiyentin ( müalicə məqsədilə donor orqanı köçürülən şəxs) sağlamlığı üçün təhlükə törədən xəstəlikləri olan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır.

Həmçinin 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır. 18 yaşına çatmayan şəxsdən sümük iliyi və kök hüceyrələrinin götürülməsinə onun valideynlərinin razılığı ilə yol verilir.

Bundan başqa, resipiyentin tabeliyində olan və ondan maddi-mənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideyn himayəsindən məhrum olmuş uşaqlardan, hərbi əsirlərdən, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır.

Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükə, yaxud onun sağlamlığında bərpa olunmaz pozuntular yaranmasın.

Şəxs sağlığında donor orqanların transplantasiyasına, tədris və elmi məqsədlərlə istifadə edilməsinə qanunda nəzərdə tutulmuş qaydada yazılı razılığını bildirərsə, ölümündən sonra onun donor orqanları transplantasiya, tədris və elmi məqsədlərlə istifadə oluna bilər.

Həmçinin ölümündən sonra arvadının (ərinin), onlar olmadıqda yetkinlik yaşına çatmış övladlarının və ya valideynlərinin, onlar olmadıqda isə qardaşının (bacısının) yazılı razılığı ilə də onun orqanlarının transplantasiya, tədris və elmi məqsədlə götürülməsinə yol verilir”.

media-img-20260121-wa0037

Vəkil, donor orqanların qanunsuz götürülməsi ilə bağlı Azərbaycan qanunvericiliyinə əsasən gözlənilən cəzaları açıqlayıb:

“Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina etdikdə, ölümündən sonra onun meyitindən transplantasiya məqsədilə orqanların götürülməsinə yol verilmir.İnsan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələrində və tibb müəssisələrindən kənarda donor orqanların götürülməsi və ya transplantasiyasının həyata keçirilməsi, şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcburetmə, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanın götürülməsi cinayət məsuliyyəti yaradır. Bu əmələ görə Cinayət Məcəlləsinin 137-ci maddəsinə əsasən əməlin ağırlıq dərəcəsindən asılı olaraq cəza təyin edilir və yuxarı həddi üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə müəyyən edilib”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər