“Dövlət başçımızın oktyabr ayında dörd fərqli sammitdə iştirakı göstərdi ki, Azərbaycan qlobal miqyasda söz sahibi olan ölkədir" - DEPUTAT
“Oktyabr ayı Azərbaycan diplomatiyası üçün olduqca dinamik və əlamətdar bir dövr oldu. Prezident İlham Əliyevin cəmi bir ay ərzində dörd fərqli beynəlxalq sammitdə iştirakı bir daha göstərdi ki, Azərbaycan artıq təkcə regional deyil, həm də qlobal miqyasda söz sahibi olan ölkələr sırasında qərarlaşıb”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Prezident İlham Əliyevin oktyabr ayı ərzində 4 fərqli sammitdə iştirakını şərh edərkən deyib.
Millət vəkilinin sözlərinə görə, dövlət başçısının apardığı uğurlu siyasəti nəticəsində Azərbaycan indi beynəlxalq proseslərin yalnız iştirakçısı deyil, həm də onları formalaşdıran ölkəyə çevrilib:
“Dövlət başçısının bu tədbirlərdə nümayiş etdirdiyi siyasi çeviklik, strateji baxış və prinsipial mövqe onun beynəlxalq arenada “axtarılan lider” statusunu təsdiqlədi.
Bu intensiv diplomatik fəallığın mahiyyətində bir neçə mühüm amil dayanır. Əvvəla, Prezident İlham Əliyev son illərdə balanslı, çoxvektorlu xarici siyasət kursunu uğurla həyata keçirir. Azərbaycan həm Qərb, həm Şərq, həm də İslam dünyası ilə etibarlı tərəfdaşlıq münasibətləri qurub. Sammitlərdə səsləndirilən fikirlər, verilən mesajlar bu siyasətin davamlılığını və ardıcıllığını nümayiş etdirdi. İlham Əliyev hər platformada Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etməklə yanaşı, regionda sülh, əməkdaşlıq və inkişaf çağırışlarını da səsləndirib”.

A.Hüseynovun sözlərinə görə, İlham Əliyevin oktyabr diplomatiyası Azərbaycanın qlobal siyasətdə etibarlı tərəfdaş və sabitlik simvolu kimi mövqeyini möhkəmləndirib:
“Bu, həm də Azərbaycan diplomatiyasının yeni mərhələsidir. Artıq ölkəmiz təşəbbüsləri ilə beynəlxalq proseslərin iştirakçısı deyil, formalaşdırıcısına çevrilib. Bakı prosesləri, enerji və nəqliyyat layihələri, Qlobal Cənub əməkdaşlığı istiqamətində Azərbaycan liderinin rolu bunu bir daha sübut edir. Prezidentin çıxışlarında səmimilik, reallığa əsaslanan arqumentlər və milli maraqlara söykənən siyasi mədəniyyət dünya ictimaiyyətində etimad doğurur.
Dövlət başçısının bu qədər sıx beynəlxalq təqvimdə fəal iştirakı həm də Azərbaycanın artan nüfuzunun göstəricisidir. Bugün dünya dövlətləri İlham Əliyevi təkcə region lideri kimi deyil, həm də strateji düşüncə tərzi olan, müstəqil siyasət yürüdən və mürəkkəb beynəlxalq münasibətlərdə balansı qorumağı bacaran siyasi fiqur kimi qəbul edirlər.
Azərbaycanın səsi artıq hər platformada eşidilir. Bunun səbəbi təkcə iqtisadi güc və enerji resursları deyil, həm də uzaqgörən, prinsipial və sözündə sabit olan liderlik modelidir. İlham Əliyevin oktyabr diplomatiyası bir daha göstərdi ki, Azərbaycanın qlobal siyasətdəki rolu təkcə artmır, həm də keyfiyyətcə dəyişir. O, etibarlı tərəfdaş və siyasi sabitliyin simvolu kimi qəbul olunur”.
Cəmilə Cəfərzadə






