media-becceee9-3c69-4b4e-83d4-d50fe2c45e16

Patrul.az qaynar xəttinə videogörüntü göndərən vətəndaş 17.06.2026-cı il tarixində saat 16:30-16:35 radələrində paytaxtın Yusif Səfərov küçəsində baş vermiş hadisədən şikayət edib.

Şikayətçinin sözlərinə görə, o, sözügedən küçədə hərəkətdə olarkən 90-ZL-096 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobilin sürücüsü qəfil manevr edərək onun hərəkət istiqamətinə daxil olub. Nəticədə sürücü toqquşmanın qarşısını almaq üçün təcili əyləcləmə etməyə məcbur qalıb.

İddialara əsasən, hadisədən sonra vətəndaş qarşı tərəfə yaxınlaşaraq təhlükəli manevrlə bağlı iradını bildirib. Lakin avtomobilin sürücüsü “Dövlət maşınıdır, nə edirsən?” cavabını verərək öz hərəkətinə haqq qazandırmağa çalışıb.

Məsələnin maraqlı tərəfi ondadır ki, sözügedən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı xüsusi təyinatlı deyil və avtomobildə hər hansı üstünlük hüququ verən işıq-səs siqnalları da müşahidə olunmur. Belə olan halda digər hərəkət iştirakçılarının həmin avtomobilin hər hansı dövlət qurumuna məxsus olub-olmadığını bilməsi mümkün deyil.

Qeyd edək ki, dövlət qurumlarına məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda və üzərində quraşdırılmış xüsusi işıq-səs siqnallarından istifadə etməklə hərəkətdə üstünlük əldə edə bilirlər. Bu zaman da digər hərəkət iştirakçıları üçün təhlükə yaradılmamalı və qəza şəraiti formalaşdırılmamalıdır.

Ümid edirik ki, aidiyyəti qurumlar videogörüntünü araşdıraraq hadisəyə hüquqi qiymət verəcək və müvafiq tədbirlər görüləcək.


Bənzər xəbərlər