media-yeralti-su-bulma-teknikleri

Yer kürəsinin dərinliklərində aparılan araşdırmalar bəzən tarix kitablarının belə cavab verə bilmədiyi suallara işıq salır. 

Patrul.az-ın araşdırmasına görə, Kanadanın Ontario əyalətində yerləşən məşhur Kidd-Krik mədənində aparılan tədqiqatlar zamanı alimlər təxminən 2 milyard il ərzində Yer səthindən təcrid olunmuş vəziyyətdə qalmış su ehtiyatı aşkar ediblər. Bu kəşf təkcə geologiya üçün deyil, həm də həyatın mənşəyini araşdıran elm adamları üçün böyük əhəmiyyət daşıyır.

Tapılan su Yer səthindən təxminən 3 kilometr dərinlikdə yerləşir. Alimlərin hesablamalarına görə, bu su sonuncu dəfə Yer səthi ilə təmasda olanda planetdə yalnız sadə mikroorqanizmlər mövcud idi. Həmin dövrdə nə bitkilər, nə heyvanlar, nə də mürəkkəb canlı həyat formaları yaranmışdı. Başqa sözlə, bu su Yer tarixinin ən qədim dövrlərindən bəri demək olar ki, dəyişmədən qalıb.

Kəşfin baş verdiyi Kidd-Krik mədəni dünyanın ən dərin mədənlərindən biri kimi tanınır. Uzun illər burada mis, sink və gümüş hasil edilib. Toronto Universitetinin geokimya üzrə mütəxəssisi Barbara Şervud Lollar və onun komandası bu ərazidə araşdırmalara hələ 1990-cı illərdə başlayıb. İlk nəticələr 2013-cü ildə əldə olunub. Həmin vaxt təxminən 1,5 milyard il yaşı olan su nümunələri müəyyənləşdirilmişdi. Lakin 2016-cı ildə daha dərin qatlarda aparılan araşdırmalar zamanı alimlər təxminən 2 milyard il yaşı olduğu hesab edilən daha qədim su ehtiyatına rast gəliblər.

Maraqlıdır ki, söhbət sadəcə bir neçə damcı sudan getmir. Tədqiqatçılar müəyyən ediblər ki, su qayaların çatlarından və xüsusi qazılmış quyulardan dəqiqədə bir neçə litr sürətlə axır. Bu isə dərinliklərdə böyük həcmdə qədim su ehtiyatlarının mövcud ola biləcəyini göstərir.

Alimlər suyun yaşını müəyyən etmək üçün qeyri-adi üsuldan istifadə ediblər. Onlar suyun özünü deyil, tərkibində həll olmuş nəcib qazların miqdarını analiz ediblər. Bu qazlar milyonlarla il ərzində ətraf qayalarda baş verən radioaktiv parçalanma nəticəsində yaranır və suda toplanır. Qazların yüksək konsentrasiyası suyun Yer səthindən nə qədər uzun müddət ayrı qaldığını müəyyən etməyə imkan verir.

Araşdırmalar zamanı alimləri təəccübləndirən başqa bir detal da suyun xüsusiyyətləri olub. Barbara Şervud Lollar qədim suyun dadına baxdıqdan sonra onun son dərəcə duzlu olduğunu bildirib. Məlum olub ki, bu su okean suyundan təxminən 10 dəfə daha duzludur. Bundan əlavə, su qalın konsistensiyaya malikdir, acı dad verir və kükürd qoxusunu xatırladır. Hava ilə təmasda olduqda isə tərkibindəki dəmir oksidləşərək suya narıncı rəng çaları verir.

Bu kəşf alimlər üçün yeni suallar da yaradıb. Ən vacib məsələlərdən biri belə ekstremal şəraitdə hələ də canlı mikroorqanizmlərin mövcud olub-olmamasıdır. Əgər bu qədim suların içərisində həyat əlamətləri aşkarlanarsa, bu, Yer üzündə həyatın necə yarandığını anlamağa kömək edə bilər. Hətta belə tədqiqatlar Mars və digər planetlərdə həyat axtarışlarına da yeni istiqamət verə bilər.

Mütəxəssislər hesab edirlər ki, Kidd-Krikdə aşkar olunan su hazırda yaşı dəqiq müəyyən edilmiş ən qədim su nümunələrindən biridir. Bununla belə, Yerin dərinliklərində bundan da qədim maye ehtiyatlarının mövcud olması istisna edilmir. Buna görə də alimlər hazırda dünyanın müxtəlif qitələrindəki qədim qaya laylarını araşdıraraq planetimizin milyardlarla il əvvəlki tarixindən daha çox sirri üzə çıxarmağa çalışırlar.

Bu qədim su ehtiyatı göstərir ki, Yer kürəsi hələ də elm üçün saysız-hesabsız sirlər saxlayır və bəzən ən böyük kəşflər gözümüzdən uzaqda, kilometrlərlə dərinlikdə gizlənir.

Ləman Sərraf


Bənzər xəbərlər