media-inshot_20260416_195618119

“Dövlətimiz sülh yaratmağın Azərbaycan modelini dünyaya nümayiş etdirdi. Əsgərlərimizin səngərdə başlatdığı Vətənimizin işğaldan azad edilməsi missiyasını Prezident İlham Əliyev diplomatik-siyasi müstəvidə başa çatdırdı. Prezident İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışında bildirib ki, “Biz müharibəni udduq, sülhü qazandıq”.

Suverenliyimizin bərpasından sonra Prezident İlham Əliyevin hərbi, siyasi-diplomatik səyləri və strateji vizionu əsasında formalaşdırılan Azərbaycanın sülh gündəliyi regionda sabitliyin təmin olunması, davamlı inkişafın qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gündəlik həm regional, həm də qlobal miqyasda bütün güc mərkəzləri tərəfindən diqqətlə izlənilir”.

Patrul.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev aprelin 15-də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində öz təşəbbüsü ilə təşkil olunan “Prezident İlham Əliyevin sülh gündəliyi: yeni geosiyasi reallıqlar və perspektivlər” mövzusunda keçirilən tədbirdə səsləndirib.

Millət vəkili çıxışı zamanı sülh gündəliyinin əsasını təşkil edən amillərə də toxunub:

“Azərbaycanın coğrafi mövqeyinin üstünlükləri, resursları və nəqliyyat-infrastruktur layihələri vasitəsilə həyata keçirdiyi sabitləşdirici rol;

Şanlı Zəfərdən sonra regionda yaranmış yeni siyasi reallığa uyğun təklif edilən və geniş coğrafiyanı əhatə edən çoxşaxəli əməkdaşlıq imkanları;

İkitərəfli və çoxtərəfli platformalarda inkişaf etdirilən tərəfdaşlıqlar vasitəsilə yeni dünya düzənində Azərbaycanın mövqeyinin gücləndirilməsi”.

Deputat vurğulayıb ki, sülh gündəliyinin əsas fəlsəfəsi ərazi bütövlüyünə hörmət, suverenlik prinsiplərinin qorunması, humanitar dəyərlərin üstün tutulması, qarşılıqlı əməkdaşlıq və dialoq prinsiplərinə əsaslanır:

“Azərbaycanın sülh gündəliyi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Bu isə ölkənin beynəlxalq arenada mövqeyini daha da gücləndirir”.

media-inshot_20260416_194731129

Rizvan Nəbiyev həmçinin Azərbaycanın həyata keçirdiyi siyasətin nəticələrinə də toxunub. O qeyd edib ki, bu siyasət Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində mühüm nəticələrə yol açıb:

“2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin bərpası Ermənistanla aparılan sülh müqaviləsi üzrə danışıqlarda real nəticələrə yol açıb. Dayanıqlı sülhün və sabitliyin bərqərar olması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində səylər daha da intensivləşib.

ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona edilən səfər, Ağ Evdə keçirilən görüşlər və BMT Baş Assambleyasında səsləndirilən mövqelər bu prosesin zirvə nöqtələrindən biri olub. Görüşlər zamanı cənab Prezident vurğulayıb ki, əldə olunan razılaşmalar təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət daşıyır. Artıq xalqımız sülh şəraitində yaşayır və bu, həm siyasi, həm də iqtisadi sahədə öz müsbət nəticələrini göstərir.

Azərbaycan sülhsevər dövlətdir və hər zaman ABŞ, Avropa İttifaqı və qonşu dövlətlərlə münasibətlərini sülh və əməkdaşlıq şəraitində qurmağa çalışıb”.

Deputat Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərinə də toxunub. O bildirib ki, Aİ Şurasının Prezidenti Antonio Koştanın 11 mart 2026-cı ildə Bakıya səfəri və Prezident İlham Əliyevlə görüşündən sonra yayılan Birgə mətbuat bəyanatı bu baxımdan xüsusi əhəmiyyət daşıyır:

“Birgə bəyanatın 8-ci bəndində Avropa İttifaqının “Qlobal Qapı” təşəbbüsü çərçivəsində Azərbaycanla bağlı layihələrin daxil edilməsi mühüm əhəmiyyət daşıyır. Avropa İttifaqı bu çərçivədə daşımalar və digər mexanizmlərlə yanaşı, Naxçıvan Muxtar Respublikasında dəmir yolunun müasirləşdirilməsinə dəstək və TRIPP layihəsinin icrası istiqamətində Azərbaycanla əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib”.

Sonda millət vəkili sülh gündəliyinin yaratdığı perspektivləri “ümidverici” adlandırıb:

“Bu perspektivlərə Azərbaycanın regional iqtisadi mərkəzə çevrilməsi, nəqliyyat-logistika imkanlarının genişlənməsi və beynəlxalq əməkdaşlığın daha da dərinləşməsi daxildir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər