Əczaçının göstərişi ilə reseptsiz dərman almaq düzgündürmü? - Həkimdən CAVAB
Azərbaycanda insanlar həkimə getmək əvəzinə çox vaxt təbii yollarla müalicəsini davam etdirməyə üstünlük verir. Çünki, bir çoxunun tibbi məntəqələrdə həkim qəbuluna düşmək, növbə gözləmək kimi məsələlər düşündürür. Bəzi vətəndaşlar isə həkimə müraciət etmədən birbaşa aptekə gedir və əczaçıdan dərman tövsiyəsi alır.
Bəs əczaçının xəstəyə resept yazması nə dərəcədə doğrudur?
Bu barədə terapevt Etibar Süleymanov Patrulaz.az -a açıqlamasında bildirib ki, hər bir dərman yalnız həkim göstərişinə əsasən, reseptlə təyin olunmalıdır:
“Reseptsiz, həkim təyinatı olmadan hər hansı dərmanların alınması heç bir yerdə qeyd olunmayıb. Hər bir dərmanın müəyyən göstərişi var və məhz həmin göstərişə əsasən təyin olunmalıdır. Eyni zamanda, dərmanların təsirləri, onların istifadə olunub-oluna bilməməsi də nəzərə alınaraq resept yazılır”.

Həkimin sözlərinə görə, yalnız qızdırmasalan dərmanlar, ağrıkəsicilər və vitaminlər reseptsiz qəbul oluna bilər:
“Reseptsiz buraxılan bəzi dərmanları – əgər allergik reaksiyalar, anafilaksiya və ya hər hansı dərmana qarşı dözümsüzlük yoxdursa, almaq mümkündür. Bu dərmanlara əsasən qızdırmasalıcı preparatlar, ağrıkəsicilər və vitaminlər daxildir. Çünki onlar həyati göstərişlərə birbaşa təsir göstərmir. Lakin digər bütün dərmanlar yalnız resept əsasında alınmalıdır”.
Cəmilə Cəfərzadə






