"Efirlərdə baş verən biyabırçılıqlar bumeranq kimi özümüzə qayıdır" - Yadigar Məmmədli
Son dövrlər televiziya və onlayn platformalarda yayımlanan bəzi verilişlərdə etik çərçivənin aşılması ilə bağlı müzakirələr intensivləşib. Canlı yayımda təhqir, şəxsi həyatın ifşası, qonaqların alçaldılması, emosional manipulyasiya və sensasiya naminə sərhədlərin aşılması tamaşaçı narazılığına səbəb olur.
Efir məkanında etik sərhədlər niyə pozulur?
Media eksperti Yadigar Məmmədli Patrul.az-a mövzu ilə bağlı fikirlərini bildirib.
O bildirib ki, televiziya və onlayn platformalarda şou adı altında çəkilən verilişlər və müsahibələrdə çox vaxt etik sərhədlər aşılıb:
“Amma məsələ ondadır ki, son zamanlarda bu, kütləvi bir hal alıb və ictimaiyyətin narazılığına səbəb olur. Şou əhli daha çox tiraj və tamaşaçı cəlb etmək üçün qalmaqal yaradırlar. Təbii ki, bu sayədə reytinq yığır və əlavə pul əldə edirlər. Məsələnin kökü bundan ibarətdir.
Bu vəziyyət təkcə ölkəmizdə deyil, ümumiyyətlə dünyada müşahidə olunur. Lakin digər ölkələrdə ən azından bir qırmızı xətt var, hansı ki özünə hörmət edən media qurumu və ya orada iştirak edən şou əhli bu xətti keçmirlər”.

Ekspert təəssüf hissi ilə əlavə edib ki, bizdə şou-biznes əhli bu yolu tutmadı və ona görə də belə bir nəticə ilə üz-üzəyik:
“Təxminən 10 il bundan öncə efirlər belə deyildi. Təbii ki, ara-sıra tənqidlər, xəbərdarlıqlar olunub, amma bütövlükdə bir ölçü götürülməyib. Ona görə də belə insanların ayağı yer aldı.
Hələki qarşısını almaq üçün gec deyil. Çünki bu, bir müddət də belə davam etsə, dözülməz bir hal ortaya çıxa bilər.
Bununla bağlı, müvafiq qanunvericilik tənzimlənməsi, jurnalistlərin etik kodeksi var. Canlı yayımlar, həmçinin digər verilişlərdə bu etik qaydalar gözlənilməli, hər kəsin şərəf və ləyaqəti qorunmalıdır. Bunun üçün bir sıra şəxslərin üzərinə böyük məsuliyyət düşür. Media işçiləri reytinq xatirinə səviyyəni aşağı düşürən şəxsləri verilişlərinə dəvət etməməli, dilimizin saflığını qorumalıdırlar. Etik qaydalara riayət etməyən, biyabırçı vəziyyət yaradan şou əhli jurnalistlər tərəfindən verilişlərə, müsahibələrə dəvət olunmasa, onlar özləri efirlərə çıxası deyil. Ona görə də media orqanları anlamalıdır ki, bu cür insanlar reytinq qazandırsa da, cəmiyyəti narahat edir və efirlərdə yaşanan biyabırçılıqlar bumeranq kimi özümüzə qayıdır”.
Ləman Sərraf






