media-inshot_20260402_174136744

ABŞ Prezidenti Donald Trump ölkəsinin NATO-dan çıxma ehtimalını gündəmə gətirib. O, bu barədə “The Telegraph”nəşrinə müsahibəsində danışaraq məsələni ciddi şəkildə düşündüyünü bildirib. 

Tramp alyansı “kağız pələng” adlandıraraq onun effektivliyinə inanmadığını vurğulayıb.

ABŞ NATO-dan çıxsa, dünyanı nələr gözləyir?

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Patrul.az-a fikirlərini bölüşüb.

O qeyd edib ki, Trampın ABŞ-nin NATO-dan çıxma ehtimalını gündəmə gətirməsi indiki halda NATO müttəfiqlərinə təzyiq xarakteri daşıyır:

“Çünki NATO-dan çıxmaq ABŞ-nin öz təhlükəsizliyini təmin etməsi və eləcə də nüfuz dairəsində saxladığı ayrı-ayrı reginlarda mövcudluğunu davam etdirməsi üçün əlavə maliyyə yükü və daha çox hərbi kontingent saxlaması demək olar.

Amma bu bəyanatın özündə beynəlxalq təhlükəsizlik arxitekturasına ciddi təsir potensialı daşıdığını da qeyd etmək lazımdır. Belə ki, ABŞ NATO-dan çıxsa, alyansın mövcud strukturu və təhlükəsizlik zəmanətləri ciddi sarsıntı ilə üzləşəcək. NATO uzun müddət Qərb hərbi inteqrasiyasının əsas dayağı olub və kollektiv müdafiə prinsipi ABŞ-ın iştirakı ilə reallığa çevrilib. ABŞ-ın çıxması alyansın həm strateji, həm də psixoloji dayağını müəyyən müddətə də olsa əhəmiyyətli dərəcədə zəiflədə bilər. Bu, üzv ölkələrdə təhlükəsizlik narahatlığını artıraraq regional silahlanma yarışını təşviq edə bilər, xüsusilə Baltik ölkələri və Şərqi Avropa üçün ciddi risk yaradar”.

media-inshot_20260402_173952554

R.Bayramov ikinci amilin qlobal güc balansına təsirlə bağlı olduğunu söyləyib:

“ABŞ NATO-dan çıxdıqda, Rusiya və Çin kimi dövlətlər öz strateji mövqelərini gücləndirə bilər. Rusiya Avropada təsir dairəsini artırmaq üçün daha sərbəst manevr imkanına sahib olar, Ukrayna və digər post-sovet dövlətlərinə qarşı təzyiqi artırmaq ehtimalı yüksələr. Çin isə Avropaya iqtisadi və diplomatik təsirini genişləndirmək üçün daha əlverişli geopolitik mühit qazanar. Qısacası, ABŞ-nin çıxışı Avropada və qlobal səviyyədə qeyri-müəyyənliyi artırar.

Eyni şəkildə belə bir halın baş verəcəyi halda transatlantik münasibətlərin də ciddi sınaqdan keçəcəyini deyə bilərik. NATO-dan çıxmaq, ABŞ-nin Avropa ilə olan etimad əsaslarını zəiflədər. Avropa ölkələri öz təhlükəsizliyini yalnız ABŞ-nin himayəsinə güvənə bilməyəcəklərini anlayaraq, hərbi və diplomatik müstəqilliklərini artırmaq üçün addımlar ata bilər”.

Müsahibimiz əlavə edib ki, ABŞ-nin NATO-dan çıxması eyni şəkildə iqtisadi və texnoloji sahələrə də təsirsiz ötüşməyəcək:

“NATO ölkələrinin hərbi xərcləri və müdafiə sənayesi birgə planlara uyğun işləyir. ABŞ-ın çıxması planların yenidən qurulmasını tələb edər, bu isə qısa müddətdə səmərəsizliyi və xərclərin artmasını gətirər. Eyni zamanda, texnologiya paylaşımı, kiber təhlükəsizlik və strateji resursların koordinasiyası zərbə ala bilər.

Nəhayət, bu addım beynəlxalq hüquq və normativ təsir baxımından da əhəmiyyətlidir. ABŞ-ın NATO-dan çıxması “kolektiv müdafiə” prinsiplərinin etibarlılığına dair şübhələr doğuraraq digər beynəlxalq alyanslarda iştirakın riskini artırar. Ölkələr üçün qarşılıqlı öhdəliklər daha qeyri-müəyyən olar və qlobal stabillik zəifləyər.

Odur ki, mən ABŞ-nin NATO-dan çıxmaq haqqında qərar verəcəyini düşünmürəm”.

Ləman Sərraf


Bənzər xəbərlər