“Əgər “Qarabağ” öz oyununa sadiq qalsa…” - ŞƏRH
Fevralın 18-də “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la (İngiltərə) ilk oyunu baş tutacaq. 1/8 finala vəsiqə uğrunda mübarizə aparacaq təmsilçimizin ilk oyununu bütün Azərbaycan xalqı səbirsizliklə gözləyir.
“Qarabağ”ın “Nyukasl”a qarşı qələbə imkanları barədə Patrul.az danışan futbol mütəxəssisi Etibar İbrahimov bildirib ki, bu oyun ümumilikdə Azərbaycan futbolu üçün çox önəmlidir:
“Çünki bu mərhələdə ilk dəfədir ki, çıxış edirik. Həm azarkeşlər, həm də “Qarabağ” komandası növbəti mərhələyə adlamağı çox istəyir. Düşünürəm ki, “Nyukasl” keçilməz rəqib deyil. Xüsusilə də son dövrlərdə “Nyukasl”ın eniş yaşadığı göz önündədir. Çünki komanda bu bir ayda 10 oyuna çıxıb. Son 4 turda İngiltərə Premyer Liqasında rəqib komandamız uğursuz çıxış edir, cəmi 1 xal toplaması bunu deməyə əsas verir.
“Qarabağ”la fevralın 18-də baş tutacaq oyunadək artıq “Nyukasl”da həm psixoloji, həm də fiziki yorğunluq yaranacaq. Düzdü, bu komandalar üç gündən bir oyuna çıxmaq kimi bir qrafikə alışıblar. İngiltərə və Azərbaycan Premyer Liqasının sürətlərində isə böyük fərq var”. 
E.İbrahimov hesab edir ki, “Köhlən atlar” əgər topu özündə saxlaya bilsə, rəqib komandanı yorsa, Bakıda uğurlu nəticə qazana bilər:
“Həqiqətən də ilk oyundan çox şey asılıdır. “Qarabağ” ilk oyunda qalib gəlsə, İngiltərədə də yaxşı nəticə qazanmaq şansı var. Ümid edək ki, “Qarabağ” öz oyununa sadiq qalaraq qələbə əldə edəcək və Azərbaycan xalqını sevindirəcək”.
Ləman Sərraf






