media-56440ed3-2bed-419a-96de-64f00f685801

Valyuta alqı-satqısı yolu ilə sərmayə yatıraraq qazanc əldə etmək istəyən bir neçə nəfərin aldadılması ilə bağlı iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti proses keçirilib.

Patrulaz.az xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Nizami Alışan dindirilib. O, üç nəfərin ümumilikdə 2 milyon 445 min dollarını mənimsəməkdə ittiham olunur.

Cinayət işinin materiallarına əsasən, zərərçəkmişlərdən biri olan Yadigar İsrafilov məhkəmədə bildirib ki, Alışan ona 40 min dollar geri qaytarsa da, ümumilikdə 160 min dollar zərər çəkib:

“Hər şey yaxşı idi. Pul qoyub, gəlir götürürdük. Sonra Nizamini tapa bilmədim. Ona iki dəfəyə pul vermişəm. Mən pul verəndə digər zərərçəkmiş Zeynal Usubov da yanımızda olub. Qazancın 50 faizinin mənə verilməsi barədə söhbətimiz oldu. Usubovla eyni vaxtda Nizamini tanımışam. 100 min dollardan 2 500 dollar verib. Sonra hər ay iki min dollar verirdi. Cəmi mənə 40 min dollar verib. Mənə 160 min dollar zərərin ödənilməsini istəyirəm”,- deyə o, çıxışında vurğulayıb.

Təqsirləndirilən şəxs Nizami Alışan isə ifadəsində bildirib ki, sosial şəbəkədə fəaliyyətini izləyən şəxslərlə belə əlaqə qurub:

“Babək məni əvvəldən sosial şəbəkələrdən izləyib. Birja sahəsində mənim bacarıqlarımı o, çox yaxşı bilirdi və buna görə də mənim fəaliyyətimi təqib edirdi. Bu vasitə ilə tanış olmuşduq. İlk dəfə o, 100 min dollar yatırım edəcək və bunun qarşılığında qazanc əldə edəcəkdik”.

İttihama görə, Nizami Alışan özünü peşəkar investor və birja mütəxəssisi kimi təqdim edərək Babək Məmmədzadənin 1 milyon 300 min dollar, Zeynal Usubovun 945 min dollar və Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunan Alışanın işi üzrə növbəti məhkəmə iclası iyunun 23-dək təxirə salınıb.

Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. O, həmçinin hazırda ABŞ-də yaşayan tanınmış müğənni Elariz Məmmədoğlunun kürəkənidir.


Bənzər xəbərlər