media-inshot_20260402_224646561

Azərbaycanda mart ayında Novruz və Ramazan bayramı ilə əlaqədar verilmiş 11 günlük uzunmüddətli tətildən sonra bəzi insanlarda iş mühitinə keçiddə müəyyən çətinliklər yaradır. Bu zaman istər-istəməz aqressiv davranışlar sərgilənir, bədəndə həddindən artıq yorğunluq hiss olunur.

Tətildən sonra iş mühitinə daha yaxşı adaptasiya olmaq üçün psixoloq Ruhiyyə Rüstəmova Patrul.az-a alternativ yolları bölüşüb.

Onun sözlərinə görə, işə başlamamışdan bir neçə gün öncə iş mühitinə uyğunlaşmanı formalaşdırmaq lazımdır:

“11 günlük tətildən sonra işə qayıdış bir çox insanlarda adaptasiya mərhələsində çətinlik yarada bilər. Bəzən psixoloji gərginlik olur, bəzən isə adaptasiya dövrü şəxsdən asılı olaraq çox asan keçir. Yəni insan işə çıxdığı andan bədən işləsə də, beyin hələ tətil dövrünün təsiri altında qalır. Bu da işin keyfiyyətinə mənfi təsir göstərir. Bu proses ona görə baş verir ki, beyin rahat rejimdən yenidən məsuliyyət rejiminə keçərkən adaptasiyada çətinlik yaşayır. Bu prosesi daha yüngül keçirmək üçün ilk iş günlərində aşağı olan motivasiyanı bərpa etmək lazımdır. Əslində bu, tənbəlliklə bağlı deyil, adaptasiya dövrünün təbii nəticəsidir”.

media-inshot_20260403_142002829

Psixoloq “tətil” rejimindən “iş” rejiminə keçdikdə insanların beyinlərini psixoloji olaraq da motivasiya etməyə çağırır:

“Ümumiyyətlə, işə çıxmazdan iki-üç gün əvvəl şüuraltı şəkildə “”işə çıxdıqda hansı planları quracağam” düşüncəsini formalaşdırmaq lazımdır. Yəni yenidən gərgin sistemə öyrəşmək üçün işə çıxmağa yaxın bu barədə düşünmək vacibdir. Bəzən insanlar tətildən sonra işə qayıtdıqda daxildə narahatlıq, sıxıntı, hətta depresiv hisslər belə yaşaya bilərlər. Məhz bu səbəbdən insan həmin dövrdə özünə “”niyə yorğunam, heç dincəlmədim” kimi suallar verməməlidir. Çünki bu kimi suallarla özlərinə psixoloji təzyiq göstərmiş olurlar. Bu baxımdan, insan tətildə rahat olsa belə, yuxu rejimi pozulur, qidalanma və gündəlik rutin dəyişir. Nəticədə beyin (işə vaxtında getmək) iş rejiminə keçdikdə çətinlik çəkir.

İşə başlamamışdan bir neçə gün əvvəl yuxu saatını qaydasına salmaq lazımdır. Gec deyil, erkən yatmaq və səhər tezdən oyanmaq vacibdir. İnsan özünə psixoloji dəstək olaraq, yuxudan oyanarkən tətil dövründə yaşadığı pozitiv anları xatırlamalıdır. Həmçinin işə konsentrasiya olmaq üçün “”yoldaşlarımı görəcəyəm, onlara tətil haqqında danışacağam”kimi düşüncələr formalaşdırılmalıdır.

“”Bu gün gedib çox böyük işlər görəcəyəm” deyil, “”bu gün işdə sistemə daxil olub kiçik işlərdən başlayacağam, yarımçıq qalan işlərimi tamamlayacağam” kimi planlar qurmaq lazımdır ki, beyin “‘ciddi rejimə keçirəm” fikri ilə təşvişə düşməsin. İlk 10 gündən sonra bu proseslərdən çıxmış oluruq. Amma bu mərhələni keçmək üçün işləri mərhələlərə bölmək lazımdır. İşə gəldiyimiz andan 15 dəqiqəlik planlama ilə başlamaq olar. Məsələn, səhər işə gəldikdə 5 dəqiqə ərzində görəcəyimiz 3 vacib işi müəyyənləşdiririk, sonra isə ən rahat edə biləcəyimiz işdən başlayırıq. Sistemli şəkildə bir neçə gündən sonra adaptasiya dövrü bərpa olunur. Gün ərzində iş mühitində qısa fasilələr etmək də vacibdir. Uzun tətildən sonra ciddi işə fokuslanmaq çətin olduğu üçün 40-50 dəqiqə işlədikdən sonra 5-10 dəqiqəlik fasilələr vermək daha effektiv nəticə verir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər