Ermənistan seçkilərində Paşinyan seçilməzsə, TRIPP layihəsi və sülh prosesi pozula bilərmi? - ANALİTİK ŞƏRH
Bu il Ermənistanın paytaxtı İrəvanda 7 iyun tarixində parlament seçkiləri keçiriləcək.
Sonuncu dəfə ölkədə 2017-ci ildə baş tutan parlament seçkilərində Paşinyan hələ Milli Məclisdə deputat idi. Həmin illərdə namizədliyini irəli sürmüş Paşinyan qurduğu “Çıxış Yolu” ittifaqı ilə 8 % səs toplamışdı.
Bundan sonra o, hakimiyyətdə olan Serj Sarkisyanın idarəçiliyinə qarşı 2018-ci ildən etirazlara başladı. Qısa müddət ərzində Paşinyan tərəfdarlarının sırasını genişləndirərək ümumxalq hərəkat nəticəsində Serj Sarkisyanı 23 aprel 2018-ci ildə hakimiyyətdən saldı. Yəni, Sarkisyan istefa verməyə məcbur oldu.
Nəticədə mayın 1-də inqilabi hərəkatın lideri kimi Paşinyan xalq tərəfindən Ermənistan Respublikasının Baş naziri vəzifəsinə namizəd göstərildi. Lakin Milli Məclisdə hakim “Respublika” fraksiyasının deputatları onun namizədliyini dəstəkləmədi. Uğursuzluqlardan sonra Paşinyan yalnız 2018-ci ilin may ayında Baş nazir seçilə bildi.
Hazırda isə ölkədə keçiriləcək 2026-ci il parlament seçkilərində onun potensial rəqibləri arasında Robert Koçaryan, Artur Vanetsyan və Levon Zurabyan var. Görünür ölkədə keçiriləcək parlament seçkilərində Paşinyanın qalib gəlməməsi Cənubi Qafqazda vəziyyəti ciddi şəkildə dəyişə bilər.
Məlumdur ki, 30 ilə yaxın işğal altında qalan Qarabağ məhz Paşinyanın hakimiyyəti dövründə – 2020-ci il noyabrın 8-də zəfər ilə başa çatan İkinci Qarabağ müharibəsi nəticəsində azad edildi. Bundan sonra 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında Üçtərəfli Bəyanat imzalandı.
Daha sonra ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə 8 avqust 2025-ci ildə Ağ Evdə İlham Əliyev və Paşinyan arasında Üçtərəfli Sülh Bəyannaməsi imzalandı. Ardınca ABŞ administrasiyasının təşəbbüsü ilə Zəngəzur dəhlizi çərçivəsində Ermənistan ərazisindən keçərək Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə birləşdirən yol “Tramp yolu” adını aldı.
Bəs Paşinyan bu seçkilərdə qalib gəlməsə, TRIPP layihəsi və sülh prosesi təhlükə altına düşə bilərmi?
Bununla bağlı politoloq Məhəmməd Əsədullazadə Patrul.az-a açıqlama verib. Onun fikrincə, Azərbaycan, ABŞ və Türkiyə Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır, Rusiya isə bu məsələdə tamamilə əks mövqedədir:
“Ermənistanda keçiriləcək parlament seçkiləri Cənubi Qafqazın geosiyasi mühiti üçün çox əhəmiyyətlidir və həlledici rol oynayacaq. Azərbaycan, Amerika və Türkiyə də bu seçkiləri yaxından izləyəcək. Rusiya çalışır ki, Ermənistanda hakimiyyətə özünə yaxın namizədi gətirsin və bununla da TRIPP layihəsinin qarşısını alsın. Bu təhlükə mövcuddur və Rusiya buna hazırlaşır”.

Politoloqun fikrincə, mövcud şəraitdə sülh istəyən Ermənistan xalqının Paşinyana verdiyi dəstək onun qalib gəlmə ehtimalını artırır:
“Düşünürəm ki, Paşinyanın qalib gəlmə şansı yüksəkdir. Çünki Cənubi Qafqazda proseslər dəyişir, Ermənistan əhalisi də onu dəstəkləyir. İki ölkə arasında sülh prosesi irəliləyir. Ermənistan da artıq bu prosesə dəstək verməyə başlayıb. Amma Paşinyan seçilməsə, Sarkisyan və Karapetyana yaxın qüvvələr və ya Robert Koçaryan hakimiyyətə gəlsə, onlar TRIPP layihəsini qəbul etməyəcək, yenidən revanşist açıqlamalar veriləcək. Bu halda İrəvan əvvəlki siyasətinə qayıda bilər. Paşinyan hakimiyyətdə qalarsa, Ermənistan üçün yeni və daha işıqlı bir yol açılmış olacaq”.
Gülbəniz Səfərova






