"Ermənistana quru yolla gedilməsi münasibətlərimizin yeni mərhələyə qədəm qoyduğunu göstərir" - Deputat
Xəbər verdiyimiz kimi, Azərbaycan nümayəndə heyəti ilk dəfə quru yol vasitəsilə – Tavuş rayonunun Kirants kəndi yaxınlığında yerləşən quru sərhədindən keçərək Ermənistana səfər edib. Onların İrəvana getməkdə məqsədi “Sülh körpüsü” adlı dəyirmi masa çərçivəsində 8 avqust 2025-ci ildə Vaşinqton sammitində təsdiqlənmiş sülh gündəliyindən irəli gələn prosesləri müzakirə etməkdir.
Daha əvvəl də bu tip görüş ötən il oktyabrın 22-də İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa formatında baş tutmuşdu. Daha sonra Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup 2025-ci il noyabrın 21-də Azərbaycan paytaxtına səfər etmişdi.
Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu cür görüşlər Bakı-İrəvan arasında əlaqələrin daha yüksək mərhələyə çatdığını göstərir:
“Bu gün həqiqətən də Azərbaycan xalqı tarixi hadisələrin şahidi olur. Bir neçə gün əvvəl ABŞ-nin vitse-prezidenti ölkəmizə səfər etdi. Artıq Azərbaycan–Ermənistan münasibətlərində sülh prosesi yeni mərhələyə daxil olub. Ermənistanla əlaqələrimiz normallaşıb. Ticarət dövriyyəsində və iqtisadi məsələlərdə bunu açıq-aydın görürük. Hesab edirəm ki, bu, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın növbəti ciddi uğuru kimi qiymətləndirilməlidir. Bildiyimiz kimi, bir müddət əvvəl nümayəndələr təyyarə ilə Ermənistana getmişdilər, İrəvan tərəfindən də nümayəndələr Azərbaycana gəlmişdi. Bu, artıq münasibətlərimizin yeni mərhələyə qədəm qoyduğunu göstərir”.

C.Məmmədov quru yol vasitəsilə Ermənistana ilk səfəri yüksək qiymətləndirərək bildirib ki, bundan sonra da belə təmaslar davam edəcək:
“Ən önəmli məsələlərdən biri bu səfərin quru xətləri vasitəsilə həyata keçirilməsidir. Yəni delimitasiya və demarkasiya olunmuş ərazilər üzərindən keçidin baş tutmasıdır. Bu, çox önəmli tarixi nailiyyətdir. Bir neçə il əvvəl müharibə edən xalqlar artıq sülh müqaviləsinin imzalanması ərəfəsindədir. Müxtəlif qurumların nümayəndələri qarşılıqlı səfərlər edirlər. Qarşıda daha çox səfərlərin olacağı gözlənilir. Bütün bunlar əlaqələrimizin daha da möhkəmlənməsinə və inkişafına xidmət edəcək”.
Gülbəniz Səfərova






