media-inshot_20251023_203004588

“Ermənistana tranzit yolunun açılması, həqiqətən, perspektiv nəticələri və təsirləri olan hadisədir”.

Bunu Patrulaz.az-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, jurnalist, politoloq və siyasətçi Aydın Quliyev Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstana dövlət səfəri çərçivəsində Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırması qərarına münasibət bildirərkən deyib.

A.Quliyevin sözlərinə görə, bu qərar həm Azərbaycanın sülh prosesinə sadiqliyini, həm də Ermənistanın uzun illər boyu Azərbaycana qarşı apardığı təcavüzü bir daha üzə çıxarır:

“Bu, birinci növbədə Azərbaycanın bölgədə və Ermənistanla sülh prosesinə nə qədər sadiq olduğunu göstərir. Nümayiş olunur ki, Azərbaycan ikitərəfli, həm də üçtərəfli qaydada Ermənistanla əldə olunmuş razılaşmaların tam həyata keçirilməsində maraqlıdır. O cümlədən, regional kommunikasiya xətlərinin açılmasında Azərbaycan öz ardıcıllığını bir daha nümayiş etdirir.

Digər tərəfdən, Ermənistana tranzit yük məhdudiyyətlərinin 30 illik tarixi olduğunu unutmamalıyıq. Həm də bu, Ermənistanın Azərbaycana təcavüzünün birbaşa nəticəsi olması baxımından diqqətəlayiqdir. Yəni Ermənistana yüklərin daşınmasına qoyulmuş bu məhdudiyyət onun Azərbaycana qarşı siyasi-hərbi təcavüzünə cavab olaraq müəyyənləşmişdi. Azərbaycanın Ermənistan təcavüzünə qarşı məcburən həyata keçirdiyi bu siyasətdən könüllü şəkildə imtina etməsi isə bir daha ölkəmizin sülh gündəminə sadiqliyini göstərir və Azərbaycanın bölgədə sülh naminə təcavüzlə bağlı yaxın keçmişdəki tarix səhifəsini çevirdiyini nümayiş etdirir”.

Politoloqun fikrincə, tərəflər arasında bu qərarın qəbul edilməsi Orta Dəhliz layihəsinə də müsbət təsir göstərəcək:

“Eyni zamanda bu hadisə bölgədə Orta Dəhlizin daha da gücləndirilməsində yeni imkanlar və perspektivlər açır. Çünki indiyədək Orta Dəhliz, yəni Şərq-Qərb marşrutu əsasən Azərbaycanın üzərindən Bakı-Tiflis-Qars dəmir yolu və Gürcüstan vasitəsilə Avropaya çıxışdan ibarət idi. Bu isə, Ermənistanın nə qədər cəhd göstərməsinə baxmayaraq, Orta Dəhlizin imkanlarından istifadə baxımından çox uzaq qaldığı dövrləri arxada qoyur. Ermənistan uzun müddət çalışırdı ki, Orta Dəhlizə nə bahasına olursa-olsun qoşulsun və beləliklə, Azərbaycan Qazaxıstandan gələn, Xəzər və Azərbaycanın üzərindən keçərək Ermənistana gedən yükləri Gürcüstana ötürməklə əslində Ermənistanı tarixdə ilk dəfə Orta Dəhlizə qoşmuş oldu.

Beləliklə, həm Ermənistan Azərbaycanın hesabına qatı blokadadan bir növ çıxmış olur, regional təcrid vəziyyəti yumşalır, həm də bölgədə iqtisadi-ticarət əməkdaşlıqları üçün yeni şaxələr və istiqamətlər açılır. Eyni zamanda, Ermənistana tranzit yükləri üzərindən məhdudiyyətin götürülməsi, bu ölkəni Zəngəzur dəhlizinin tezliklə açılması üçün daha fəal hərəkətə keçməyə təşviq etmək baxımından da əhəmiyyətlidir. Çünki hazırda Ermənistana aid yüklər Azərbaycanın üzərindən yalnız Gürcüstan vasitəsilə daşına bilir. Amma Ermənistan çox yaxın gələcəkdə bu yükləri həm İcevan vasitəsilə, həm də Zəngəzur üzərindən Naxçıvan marşrutu ilə birbaşa İrəvana çatdırmaq imkanlarını da əldə edə bilər”.

Baş redaktor bildirir ki, Ermənistanın tranzit şəbəkəsinə qoşulması bölgədə iqtisadi və təhlükəsizlik sahələrində geniş perspektivlər açır:

“Bütün bunlar göstərir ki, ölkədə Ermənistanın da fəal iştirak etdiyi geniş tranzit-logistika şəbəkəsinin işə düşməsi üçün real şərait yaranır. Eyni zamanda, Ermənistanın iqtisadi və ticarət əlaqələrinin nisbətən genişlənməsi bölgədə onun təcavüzkar hərəkətlərini xeyli dərəcədə cilovlamış olur. Eləcə də Orta Dəhliz bütün regionun həyati mənafelərinə uyğun olaraq bir seqment kimi daha da təkmilləşə bilər. Bölgədə yüklərin daşınması üzərində məhdudiyyətlərin aradan qaldırılması qarşıda çox geniş vəd edən böyük perspektivlərdən xəbər verir. Bu perspektivlər həm iqtisadi, həm ticarət, həm investisiya, həm də dövlətlərarası əməkdaşlıq və təhlükəsizlik coğrafiyasının genişlənməsi deməkdir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər