media-secki-ermenistan-121-900x599

“Ermənistanda keçirilən parlament seçkiləri ölkənin daxili siyasi gələcəyi ilə yanaşı, xarici siyasət kursunun müəyyənləşməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Seçkilərin nəticələrini müəyyən edəcək əsas amillərdən biri Nikol Paşinyan hakimiyyətinin son illərdəki fəaliyyətinə veriləcək ictimai qiymət olacaq. Cəmiyyət bir tərəfdən iqtisadi göstəricilərə və idarəetmə məsələlərinə, digər tərəfdən isə təhlükəsizlik və milli maraqların qorunması mövzusuna diqqət yetirəcək”.

Bu fikirləri Patrul.az-a açıqlamasında politoloq Tural İsmayılov səsləndirib.

O qeyd edib ki, seçkilərin taleyinə təsir göstərən əsas məsələlərdən biri Ermənistanın xarici siyasət seçimidir:

“Son illərdə Paşinyan hökuməti Rusiyadan müəyyən məsafə saxlamağa və Qərblə münasibətləri inkişaf etdirməyə çalışıb. Bu siyasətin ölkəyə nə qazandırdığı və ya nə itirdiyi seçki kampaniyasının əsas müzakirə mövzularından biri olacaq.

Digər mühüm amil müxalifətin vahid mövqe nümayiş etdirib-etdirə bilməməsidir. Ermənistan müxalifəti indiyədək parçalanmış görüntü sərgilədiyindən hakimiyyətə alternativ yaratmaqda çətinlik çəkib. Əgər müxalif qüvvələr seçici qarşısına ortaq gündəmlə çıxa bilməsələr, bu, Paşinyanın siyasi üstünlüyünü qoruyub saxlamasına kömək edə bilər”.

media-ac1ae6a5162808028937106744910739879

Seçkilərin nəticəsinə sosial-iqtisadi vəziyyətin də ciddi təsir göstərdiyini vurğulayan T.İsmayılov əlavə edib:

“Əhalinin yaşayış səviyyəsi, məşğulluq, qiymət artımı və sosial təminat məsələləri seçicilərin qərarına birbaşa təsir edən amillər sırasındadır. Ermənistan cəmiyyətində geosiyasi mövzular nə qədər önəmli olsa da, gündəlik sosial problemlər seçki davranışında mühüm rol oynayır.

Ümumilikdə, seçkilərin taleyini təhlükəsizlik məsələləri, xarici siyasət kursu, iqtisadi vəziyyət və müxalifətin təşkilatlanma səviyyəsi müəyyən edəcək. Hazırkı mərhələdə Paşinyan hakimiyyəti müəyyən üstünlüyə malik görünsə də, seçki kampaniyasının gedişi və cəmiyyətin son qərarı Ermənistanın yaxın illərdə hansı siyasi istiqamətdə hərəkət edəcəyini müəyyənləşdirəcək”.

Ləman Sərraf


Bənzər xəbərlər