Estetik əməliyyatla sağlamlığını itirən MƏŞHUR SİMALAR
Məşhurlar daima diqqət mərkəzində olmağı, başqalarından fərqlənməyi və qeyri-adi görünüşə sahib olmağı sevirlər. Onların bəziləri görünüşlər ilə milyonlarla insanın müzakirə mövzusuna çevrilmək istəyir. Bir çoxu gözəllikləri ilə tanınsa da, yenə də bu onlara kifayət etmir. Onlar cəmiyyətin gözəllik meyarlarına uyğunlaşmaq və ya fərqli görünmək üçün bədənlərinə müxtəlif müdaxilələr etdirirlər. Estetik əməliyyatlar isə bu yolda ən çox seçilən üsullardan biridir. Lakin hər cərrahi müdaxilə uğurla nəticələnmir. Qeyri-peşəkar həkimlərin əlinə düşmək, əməliyyatlardan sonra yaranan psixoloji asılılıq, təbii görünüşün itməsi və ən ağrılısı ölümə qədər gedib çatan ağır nəticələr… Bir anda verilən qərar insanın bütün həyatını dəyişə bilər.
Patrulaz.az estetik prosedurların acı nəticələrini yaşamış bir sıra məşhurların hekayələrini təqdim edir:
Pop musiqisinin kralı Maykl Cekson

Amerikalı əfsanəvi sənətçi Maykl Cekson uşaqlıq illərindən görünüşündən narazı olub. Buna görə də o özünəinamını artırmaq məqsədilə uzuz illər çoxsaylı burun əməliyyatları etdirdi. Eyni zamanda dərisinin ağarması ilə gündəmə də gəlirdi. 1980-ci illərin ortalarından başlayaraq sənətçinin dərisindəki dəyişikliklər nəzərə çarpmağa başladı. Çünki dərisi ağarırdı, bu da cəmiyyət tərəfindən fərqli yozumlara səbəb olmuşdu. Bəziləri onun dərisini bilərəkdən ağartdığını düşünürdü. Ancaq sonradan “vitiliqo” diaqnozu aldığı ortaya çıxdı. Bu xəstəlik səbəbindən dərisinin rəngi bərabər görünmədiyi üçün Maykl xüsusi makiyaj vasitələri və ağardıcı dərmanlardan istifadə edirdi ki, dərisi bərabər görünsün. O həmçinin günəşə qarşı çox həssas idi, çünki “vitiliqo” olan sahələrdə dəri günəşdən qorunmur. Bu səbəbdən tez-tez şlyapa, gün eynəyi və uzunqollu geyimlər geyinirdi. Ona “vitiliqo” diaqnozu qoyulsa da, cərrahi müdaxilələrin də təsiri olduğu iddia olunur. Onun burun formasındakı dəyişiklik, psixoloji asılılıq əlamətləri və bədəndəki estetik izlər ölümündən sonra da müzakirə mövzusu oldu.
“Canlı Ken”dən “Barbie”yə çevrilən Jessica Alves

Braziliya əsilli Jessica Alves estetik əməliyyatların ən məşhur simalarından biridir. 100-dən çox müdaxilə keçirərək özünü əvvəlcə “canlı Ken”, daha sonra isə “Barbie”yə bənzətməyə çalışdı. Burun, sinə, qarın, çənə, saç – demək olar ki, bütün bədəninə estetik müdaxilə etdirib. Dəfələrlə həyatına təhlükə yaradan əməliyyatlar keçirməsinə baxmayaraq, bu prosesi dayandırmadı.
“Fan Lady” ləqəbli koreyalı müğənni Han Mi-ok 
Cənubi Koreyada məşhurlaşan Han Mi-ok əvvəlcə üz xəttini düzəltmək üçün bir neçə əməliyyat etdirməyə başladı. Sonradan bu onda asılılığa çevrildi. Klinikalardan imtina cavabı aldıqdan sonra o, evdə üzünə yemlik yağı inyeksiya vurdu. Nəticədə üz cizgiləri tanınmaz hala gəldi. O, Koreyada estetik əməliyyatın fəsadlarını özündə təcəssüm etdirən “Fan Lady” kimi tanınır.
İranlı “zombi” Sahar Tabar
Əsl adı Fatimeh Xişvənd olan bu fenomen sosial mediada “Sahar Tabar” adı ilə tanınırdı. Tabar özünü aktrisa Ancelina Coliyə bənzətmək məqsədilə estetik əməliyyatlara üz tutdu və şəkillərini foto redaktə ilə dəyişərək yayımladı. Əldə etdiyi görüntü sosial şəbəkələrdə “zombi Angelina Jolie” kimi yayıldı. Görüntüsü aktirisaya oxşasa da, arada fərqliliklər çoxdur. Lakin o 2019-cu ildə küfr və qeyri-qanuni pul qazanma ittihamları ilə həbs edildi və 2020-ci ilin dekabrında 10 il həbs cəzası aldı.
Pişik üzlü qadın Jocelyn Wildenstein

İsveçrəli aktrisa və sosial sima Jocelyn Wildenstein özünü pişiyə bənzətmək üçün illərlə estetik əməliyyatlara üz tutdu. Nəticədə onun üz cizgiləri deformasiyaya uğrayaraq, təbii görünüşünü tamamilə itirdi. Onun adı “Catwoman” (Pişik Qadın) ləqəbi ilə yadda qaldı. 2024-cü ilin sonunda 79 yaşında vəfat etdi.
Bu hekayələr sübut edir ki, estetik müdaxilələr hər zaman gözlənilən nəticəni vermir. Onlar insanları cazibədar göstərə də bilər, amma psixoloji asılılıq, uğursuz nəticələr və geri dönüşü olmayan fəsadlar da doğura bilər. Məşhurların həyatında bu tip nümunələr getdikcə artır və bir daha göstərir ki, cərrahi estetik əməliyyatlar düşünülmüş və ehtiyac olduqda edilməlidir. Əks halda, gözəlliyə gedən yol təhlükəli və ağrılı nəticə ilə bitə bilər.
Gülbəniz Səfərova






