"Evdə iynə vurulması həm həyat, həm də qanun qarşısında böyük riskdir" - Hüquqşünas Ramin Ələkbərov
TƏBİB ev şəraitində iynə vurulmasını qadağan etdiyini dəfələrlə açıqlasa da, bu xəbərdarlıq hələ də bəziləri tərəfindən ciddiyə alınmır. Nəticədə isə sadə görünən bir prosedur – iynə vurulması insan həyatı üçün ölümcül təhlükəyə çevrilir.
Son illərdə ev şəraitində iynə vurulması zamanı baş verən ağır fəsadlar və ölüm halları artmaqdadır. Bu faktlar göstərir ki, məsələ təkcə tibbi deyil, eyni zamanda ciddi ictimai problemə çevrilib.
Evdə iynə vurulmasının əsas təhlükələrindən biri düzgün dozanın təyin olunmamasıdır. Tibbi bilik və təcrübə olmadan tətbiq edilən dərman orqanizmə gözlənilməz təsir göstərə bilər. Səhv doza isə bəzən geri dönüşü olmayan nəticələrə səbəb olur.
Digər mühüm məsələ isə steril şəraitin olmamasıdır. Tibbi iynələr yalnız xüsusi gigiyenik qaydalara uyğun mühitdə vurulmalıdır. Ev şəraitində bu standartların qorunmaması infeksiya riskini artırır, müxtəlif xəstəliklərin yayılmasına şərait yaradır.
Eyni zamanda, iynədən sonra baş verə biləcək allergik reaksiyalar, qanaxmalar və digər ağırlaşmaların vaxtında aşkarlanması evdə demək olar ki, mümkün deyil. Tibbi müəssisələrdə isə bu kimi hallara dərhal müdaxilə edilərək həyat xilas olunur.
Ən təhlükəli məqam isə ani şok halıdır. Bəzi hallarda iynə vurulduqdan sonra xəstə dərhal ağır vəziyyətə düşür və təcili tibbi yardım göstərilmədikdə bu, ölümlə nəticələnir. Bu cür faciəli hadisələrin artması problemin nə qədər ciddi olduğunu bir daha sübut edir.
TƏBİB-in tövsiyəsi birmənalıdır:
“İynələr yalnız rəsmi klinikalarda, xəstəxanalarda və ya peyvənd mərkəzlərində, peşəkar tibbi heyət tərəfindən vurulmalıdır. Yalnız nadir hallarda – həkimin xüsusi göstərişi və nəzarəti ilə evdə tətbiqinə icazə verilə bilər”.
Məsələnin hüquqi tərəfi də az əhəmiyyət kəsb etmir.
Hüquqşünas Ramin Ələkbərov bununla bağlı Patrul.az-a açıqlamasında ünvanladığımız sualları cavablandırıb.
R.Ələkbərov bildirir ki, ev şəraitində iynə vurulması nəticəsində insanın sağlamlığına zərər dəydikdə və ya ölüm baş verdikdə məsuliyyət qaçılmazdır. Belə hallarda təqsirkar şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunur:

“124-cü maddə – ehtiyatsızlıqdan ölümə səbəb olma
125-ci maddə – səhv tibbi yardım nəticəsində sağlamlığa ağır zərər vurma;
130-cu maddə – özbaşına tibbi müdaxilə nəticəsində sağlamlığa zərər vurma;
Bu maddələr üzrə başlanılan cinayət işləri göstərir ki, məsələ yalnız sağlamlıq riski deyil, həm də ciddi hüquqi məsuliyyət yaradır”.
Hüquqşünasın sözlərinə görə, nəticə etibarilə, evdə iynə vurulması həm həyat, həm də qanun qarşısında böyük riskdir:
“Bir anlıq etinasızlıq geri dönüşü olmayan faciələrə səbəb ola bilər. Sağlamlığınızı təhlükəyə atmayın – tibbi müdaxilələri yalnız peşəkar nəzarət altında həyata keçirin”.
Aynur Nadirqızı






