Evdə vurulan iynə ölümlə nəticələndi - Həkimdən vətəndaşlara XƏBƏRDARLIQ
Yevlax rayonunda baş verən faciəvi hadisə səhiyyə təhlükəsizliyi və ev şəraitində tibbi müdaxilələrin riskləri ilə bağlı ciddi narahatlıq yaradıb. Rayon sakini, 54 yaşlı Z.Quliyev evdə vurulan antibiotik iynədən sonra vəziyyəti kəskin pisləşib və həyatını itirib.
Bu kimi hallardan qorunmaq üçün ev şəraitində iynə vurulmasının təhlükələri nələrdir və necə qarşısını almaq olar?
Bu barədə terapevt Pənah Pənahov Patrul.az-a açıqlamasında bildirib ki,ev şəraitində antibiotik istifadəsi ağır allergik reaksiyalar və həyati təhlükə riski yaratdığı üçün yalnız tibbi nəzarət altında aparılmalıdır:
“Ev şəraitində antibiotik inyeksiyalarının aparılması ciddi və həyati təhlükə yarada bilər. Bu məsələ həm Azərbaycan Respublikasının qanunvericiliyi, həm də beynəlxalq tibbi standartlar baxımından xüsusi diqqət tələb edir. Bir həkim kimi qeyd etmək istəyirəm ki, əsas risklər bunlardır: antibiotiklərin qəfil və ağır allergik reaksiya – anafilaktik şok yaratma ehtimalı. Bu vəziyyət saniyələr və ya dəqiqələr ərzində inkişaf edir və yalnız təcili tibbi yardım və reanimasiya imkanları olan şəraitdə vaxtında müdaxilə ilə qarşısı alına bilər. Ev mühitində oksigen təminatı, adrenalin, infuzion məhlullar və digər təcili tibbi vasitələrin olmaması ölüm riskini kəskin şəkildə artırır”.
Həkim qeyd edir ki, inyeksion antibiotiklər yalnız tibbi nəzarət altında və düzgün texnika ilə tətbiq olunmalı, ev şəraitində özbaşına istifadə ciddi fəsadlara səbəb ola bilər:
“Bundan əlavə, dərmanın düzgün dozada və texnika ilə tətbiq edilməməsi, inyeksiyanın səhv yerə vurulması və ya sterillik qaydalarının pozulması abseslərə, infeksion ağırlaşmalara, hətta sepsisə qədər gedib çıxan ciddi fəsadlar yarada bilər.Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, inyeksion tibbi müdaxilələr yalnız müvafiq tibbi təhsili və icazəsi olan tibb işçiləri tərəfindən, həkim təyinatı əsasında və tibbi nəzarət altında aparılmalıdır. İlk inyeksiya mütləq allergik risk baxımından müşahidə şəraitində vurulmalıdır. Ev şəraitində özbaşına inyeksiya təhlükəsiz hesab edilə bilməz və hər hansı mənfi reaksiya zamanı dərhal təcili tibbi yardıma müraciət olunmalıdır.Bu hadisə cəmiyyət üçün ciddi xəbərdarlıqdır. Beynəlxalq klinik tövsiyələrə və milli qanunvericiliyə əsasən, inyeksion antibiotik müalicəsi yalnız təhlükəsiz tibbi mühitdə aparılmalı, bu cür faciələrin qarşısı isə tibbi savadlılığın artırılması və qaydalara ciddi əməl olunması ilə alınmalıdır”.
Cəmilə Cəfərzadə






