media-inshot_20260319_173026629

Türkiyədə 7 il atası tərəfindən anasından qaçırılaraq xarabalıqda saxlanılan 8 yaşlı uşaq anasına qovuşub.

Patrul.az Türkiyə mediasına istinadən xəbər verir ki, Umut K. adlı türk vətəndaşı işləmək məqsədilə getdiyi Almaniyada sevgilisi Rebekka S.-dən 2018-ci ildə Nazar adlı bir oğlu dünyaya gəlib.

Bir il sonra ata sevgilisinə oğlunun itdiyini deyərək, anasını ziyarət etmək məqsədilə oğlu Nazarla birlikdə Bursaya gedib. Əslində isə məqsəd oğlunu anadan qaçırmaq olub.

Bundan sonra Türkiyəyə gələn ana Rebekka S. polisə şikayət ərizəsi ilə müraciət etdikdən sonra ölkəsinə qayıdıb.

Türkiyə prokurorluğu çərçivəsində aparılan araşdırmada ata Umut K.-nın iki il əvvəl ürəktutmasından vəfat etdiyi ortaya çıxıb. Bundan sonra şübhələr Nazarın nənəsi Hanife S.-yə yönəlib.

İstintaq nəticəsində 7 ildir itkin düşən Nazar 10 martda nənəsi tərəfindən əsirlikdə saxlanıldığı xarabalıq evdə tapılıb. Bu proseslər 30 günlük texniki və fiziki müşahidə əməliyyatı və 300 saatlıq kamera görüntülərinin araşdırılması sayəsində mümkün olub.

Hər şey açığa çıxdıqdan sonra nənə Hanife S. və evin sahibi, Umut K.-nın əmisi oğlu Recai M. həbs ediliblər.

Bundan sonra oğlunun tapıldığı xəbərini alan ana Rebekka S. Almaniyadan Bursaya gələrək 7 ildən sonra ilk dəfə uşağını görüb. Görüş Ailə və Sosial Xidmətlər Vilayət Müdirliyində pedaqoqun köməyi ilə baş tutub. Görüş zamanı anaya uşaqla oynamaq imkanı da verilib. Bu zaman Nazara Rebekkanın anası olduğu deyildikdə, “Rebekka haqqında pis biri olduğunu deyirdilər, amma yaxşı imiş” ifadəsini işlədib. Məlum olub ki, uşağa anası ilə bağlı daima pis fikirlər söylənilib.

Məsələnin ən üzücü tərəfi isə 8 yaşlı uşağın anası almanca danışdığına görə onu başa düşməməsidir.

Aidiyyəti qurumlar uşağa bundan sonra anası Rebekkanın baxacağını bildirdikdə o, “Sən mənim anamsan? İndi Almaniyaya gedirəmmi? Amma eyni dildə danışmırıq, Almaniyaya getsəm, bir-birimizi necə başa düşəcəyik?” deyib. Hətta onlar arasında isti münasibət yarandıqda Nazar ilk dəfə anası Rebekka S.-yə “ana” deyə müraciət edib.

Hazırda uşağın bioloji mənsubiyyətinin təsdiqlənməsi üçün DNT ekspertizası aparılacaq. Nəticələrə əsasən, azyaşlının gələcək taleyi beynəlxalq hüquq normalarına uyğun şəkildə müəyyən ediləcək.

Gülbəniz Səfərova


Bənzər xəbərlər