Eyni üzlər altında gizlənən yadlaşmış insanlar - Estetik müdaxilələrin gerçək üzü
Müasir dövrdə sosial şəbəkələrin təsiri, gözəllik standartlarının sürətlə dəyişməsi və “ideal görünüş” anlayışının formalaşdırılması insanların öz bədənlərinə və xarici görünüşlərinə münasibətini ciddi şəkildə dəyişib. Getdikcə insan təbii görünüşdən çox, müəyyən qəliblərə uyğunlaşmağa və başqalarına bənzəməyə üstünlük verir. Estetik müdaxilələr isə bu uyğunlaşmanın ən sürətli yolu kimi qəbul olunur və bir çox hallarda psixoloji və sosial faktorların təsiri altında seçilir.
Bəs insanlar niyə öz fərdiliyini qorumaq əvəzinə başqalarına bənzəməyə meyl edir və estetik dəyişikliklərə daha çox ehtiyac duyur? Bu tendensiyanın arxasında hansı psixoloji səbəblər dayanır?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Klinik psixoloq, Ailə Terapevti Samirə Rəhimova bildirib ki, insan “mən kifayət deyiləm” hissini estetik dəyişikliklərlə örtməyə çalışır:
“İnsan özünü başqalarına oxşatmağa can atarkən, əslində, görünməz bir “içindəki boşluğu” doldurmağa çalışır. Bu problemin kökündə duran əsas psixoloji səbəbi natamamlıq kompleksidir. Bu kompleksinin ən dərin qatında belə bir inam yatır: “Mən olduğum kimi kifayət deyiləm.” Bu zaman insanə təbiiliyə deyil, estetik müdaxilələrə üz tutur, sanki özü ilə üz-üzə gəlməkdən qaçır”.
S.Rəhimova qeyd edir ki, insan estetik dəyişikliklərlə daxili narahatlığını örtərək özündən qaçır və başqalarına bənzəyərək qəbul olunmağa çalışır:
“Təbiilik güzgüdür – özünü olduğun kimi, bütün qırıq və qeyri-mükəmməl tərəflərinlə görməyə məcbur edir. Estetik müdaxilə ilə dodağa vurulan dolğu, cərrahi əməliyyatlar nizamlı daxili narahatlığı dəyişdirməyə xidmət edir.
İnsan düşünür: “Əgər burnumu düzəltsəm, kimsə məni sevər. Əgər məşhur influenser kimi geyinsəm, dəyərli olaram.” Ancaq bu, qaçışdır – çünki nə qədər xaricə müdaxilə etsək, bir o qədər içimizdəki tanış olmayan “mən”dən qorxuruq. Oxşamaq cəhdi, mahiyyətcə, öz kölgəsindən qaçan birinin başqalarının kölgəsinə sığınmasıdır”.

Psixoloqun sözlərinə görə, natamamlıq kompleksi aradan qaldırılmadan insan nə qədər estetik müdaxilə etsə də, özündən və görünüşündən tam məmnun qala bilmir:
“Nəticə: estetik müdaxilələr asan yoldur, təbiilik isə çətin – çünki təbii olmaq, “kifayət qədər yaxşı” olduğuna inanmağı tələb edir. Halbuki natamamlıq kompleksi olan insan bu inamı hələ özündə yaratmağı bacarmır.
Bu komplekslə mübarizə aparmadan, nə qədər estetik əməliyyatlar olsa da, insan daim zahiri görünüşündə nəsə dəyişiklik etməyə cəhdlər edəcək və heç vaxt qane ola bilməyəcək. Hətta nənki zahiri özünü ifadə etmək baxımından, hətta şəxsiyyətlərarası münasibətlərdə belə natamamlıq kompleksi ciddi problemlərə gətirib çıxarır.
İnsan özün bu problemi dərk edərsə, özünə qarşı nə qədər inamsız olarsa, hətta dismorfofobiyadan əziyyət çəkərsə belə, yenə də çalışacaq estetik müdaxilələrdən uzaq durmağa. Bu da dərin psixoanaliz tələb edir”.
Cəmilə Cəfərzadə






