media-inshot_20260210_233607769

Yəqin ki, hər birimizə bilirik ki, xəyanət yalnız fiziki olaraq baş vermir. Fikrən xəyanət etmək də mümkündür. Bəzən heç kim toxunmur, heç nə baş vermir, amma münasibətdə nəsə artıq sınır.

Bəs fikrən xəyanət necə olur?

Patrul.az mövzu barədə araşdırma edib.

Fikrən xəyanət insanın emosional və zehni olaraq partnyorundan uzaqlaşıb başqa birinə yönəlməsidir. Yəni bədən eyni münasibətdə qalır, amma ağıl və hisslər başqa yerdədir. Bu, adətən belə görünür:

İnsan tez-tez başqa birini düşünür, onunla xəyali dialoqlar qurur, paylaşmaq istədiyi sevinci, dərdi partnyoru ilə yox, beynində həmin insanla bölüşür. Bəzən mesajlaşma, uzun söhbətlər, gizli yaxınlıq və s. tipdə real ünsiyyət də olur. Amma “sadəcə dostuq” deyə adlandırılır. Halbuki orada artıq emosional bağ formalaşıb.

Fikrən xəyanətin təhlükəli tərəfi ondadır ki, çox vaxt özü-özünə normalizə edilir: “Heç nə etmirəm axı”, “sadəcə düşünürəm”. Amma münasibətdə diqqət, enerji və emosional istilik məhz buradan çəkilib başqa yerə yönəlir. Partnyor bunu qarşı tərəfdən soyuma, laqeydlik, səssiz məsafə kimi hiss edir.

Bu cür xəyanət adətən ani baş vermir. Əksər hallarda münasibətdə başa düşülməmək, dəyər verilmədiyini hiss etmək, darıxmaq, həyəcan axtarışı kimi qarşılanmayan ehtiyacların nəticəsidir. Yəni problem çox vaxt üçüncü şəxs yox, mövcud münasibətdəki boşluqlardır.

Ən acı tərəfi isə budur ki, fikrən xəyanət fiziki xəyanətdən daha uzunmüddətli və daha dərin iz buraxa bilər. Çünki burada insan öz daxilində artıq seçimini etməyə başlayır, sadəcə cəsarəti çatmır, ya da hələ adı qoyulmayıb.

Qısası, xəyanət bəzən yataqda yox, beynin içində başlayır. Orada başlayan şey də çox vaxt orada bitmir.

Ləman Sərraf


Bənzər xəbərlər