Gecə vaxtı səs-küyə səbəb olanları hansı cəzalar gözləyir? - HÜQUQİ İZAH
Bəzən gecə saatlarında məişət səs-küyünə görə, bəzən isə siqnal səsi və ya yüksək səsli musiqi vətəndaşların istirahğt hüququnu pozur. Əlbəttə ki, bu da haqlı narazılığa səbəb olur.
Bəs bu narazılığa səbəb olanlar üçün qanunvericilikdə hanaı cəzalar nəzərdə tutulur?
Məsələ ilə bağlı Patrul.az Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyevə müraciət edib.
Onun sözlərinə görə, yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisi, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələri və vibrasiyaya olan tələbləri Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri” Normaları ilə müəyyən edilir:
“Sənədə əsasən nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları disabellərlə (dB) ölçülür.
Kafe, restoran və yeməkxanaların zalları üçün bu norma 65 dB müəyyyən edilib. Bu normaların pozulmasına nəzarət edən qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Qurumun keçirdiyi reyd və ya daxil olan şikayət əsasında aparılan araşdırma zamanı səs-küyün müəyyən edilmiş normadan artıq olması müəyyən edilərsə, o halda inzibati protokol tərtib edilir”.

Vəkil bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir:
“Bundan başqa, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması da inzibati məsuliyyət yaradır. Belə ki, İXM-nin 521-ci maddəsinə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir”.
Ləman Sərraf






