Gəncədə kanalizasiya quyusunda partlayış: Xəsarət alanların vəziyyəti açıqlanıb
Gəncə şəhərində kanalizasiya xəttində aparılan təmir işləri zamanı partlayış baş verib.
Patrul.az-ın “APA”ya istinadən verdiyi məlumata görə, hadisə şəhər ərazisində kanalizasiya quyusunun üzərində qaynaq işləri aparılarkən qeydə alınıb. Qaynaq zamanı yaranan qığılcımların kanalizasiya borusuna düşməsi nəticəsində partlayış baş verib. Nəticədə 1984-cü il təvəllüdlü A. Zamanov, 1968-ci il təvəllüdlü Ə. Paşayev və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Patrul.az “Report”a istinadən xəbər verir ki, bu gün saat 17:00 radələrində baş verən partlayış zamanı iki nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Xəstəxanadan bildirilib ki, müxtəlif dərəcəli yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi yardım göstərilib. Hazırda onların müalicəsi davam etdirilir. Bir nəfərin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.






