“Azərbaycan və Almaniya strateji tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur” - Pərvanə Vəliyeva
Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlıq son illər enerji, logistika, yaşıl texnologiyalar və investisiya sahələrində yeni mərhələyə qədəm qoyub.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva mövzu ilə bağlı Patrul.az-a açıqlamasında iki ölkə arasında strateji tərəfdaşlığın əsas istiqamətləri və əməkdaşlıq perspektivlərini dəyərləndirib.
P. Vəliyeva bildirib ki, Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin əsas prioritetləri həm ənənəvi enerji sahəsini, həm də yeni geoiqtisadi reallıqların diktə etdiyi logistika və yaşıl texnologiyalar kimi sahələri əhatə edir.
Deputatın sözlərinə görə, Almaniya üçün enerji mənbələrinin diversifikasiyası strateji prioritetdir. Azərbaycan qazının Almaniya bazarına daxil olması münasibətlərdə yeni mərhələ açıb:
“Xüsusilə SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında 2045-ci ilədək qüvvədə olan uzunmüddətli qaz tədarükü müqaviləsi bu sahədəki əsas sütunlardan biridir. Azərbaycanın Avropaya qaz ixracının 2027-ci ilədək ən azı 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Bundan başqa, Almaniya ilə qurulan bu əməkdaşlıq artıq yalnız ənənəvi karbohidrogen ixracı ilə məhdudlaşmır, bura həm də yaşıl enerji və rəqəmsal bağlantıları əhatə edən kompleks strateji tərəfdaşlıq daxildir”.
Millət vəkili qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası prosesində alman şirkətləri ilə yüksək texnologiyaların tətbiqi və yaşıl enerji sahəsində əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunur:
“Alman investorları və şirkətləri öz texnoloji təcrübələrini Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərinə, xüsusilə də “yaşıl enerji” layihələrinə inteqrasiya etməkdə maraqlıdırlar. Prezident İlham Əliyevin Almaniyanın aparıcı sənaye və biznes dairələrinin rəhbərləri ilə keçirdiyi görüşlər yaşıl enerji və yüksək texnologiyalar sahəsində təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayır”.

Həmsöhbətimiz vurğulayıb ki, 2022-ci ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində bərpaolunan enerji sahəsində yeni imkanların yaradılması və bu sahədə əməkdaşlığın dərinləşdirilməsi prioritet istiqamət kimi müəyyən edilib:
“Beləliklə, iqtisadi dialoqun mühüm hissəsini yaşıl enerji, bərpaolunan enerji mənbələri və yüksək texnologiyalar sahəsində əməkdaşlıq təşkil edir. Bu sahədə alman şirkətlərinin texnoloji təcrübəsi ilə Azərbaycanın resurslarının birləşdirilməsi nəzərdə tutulur”.
Deputat bildirib ki, Almaniya sənayesi üçün Orta Dəhliz Mərkəzi Asiya bazarlarına çıxış və kritik xammal tədarükünün şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan bu dəhlizin mərkəzi logistika qovşağı və Avropanın “Global Gateway” strategiyasında mühüm tərəfdaş kimi çıxış edir.
Onun sözlərinə görə, “Deutsche Bank”, “Siemens”, “Thyssen” və “Mercedes-Benz” kimi sənaye nəhəngləri ilə hələ 1990-cı illərdən başlayan əməkdaşlıq ənənəsi bu gün sənaye kooperasiyasının genişləndirilməsi və yeni investisiya imkanlarının təqdim olunması ilə davam edir.
Pərvanə Vəliyeva əlavə edib ki, ümumilikdə, Berlin Bakını regional sabitlik və qlobal layihələrdə əvəzedilməz tərəfdaş və Avropa ilə Asiya arasında strateji kommunikasiyaların ayrılmaz hissəsi kimi dəyərləndirir:
“Almaniyanın sənaye nəhənglərinin texnoloji imkanları ilə Azərbaycanın enerji resurslarının və bərpaolunan enerji potensialının birləşdirilməsi tərəfdaşlığın gələcək inkişafının əsas sütunlarından biri olacaqdır”.
Sonda millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin Almaniyaya səfərləri zamanı aparıcı alman sənaye və biznes dairələrinin rəhbərləri ilə keçirilən görüşlərdə investisiya potensialının təqdim olunması əsas müzakirə mövzularından biri olur:
“Hazırda iqtisadi sahədə çalışan yüzlərlə alman şirkətinin ölkəmizdə layihələrə cəlb olunması Azərbaycan-Almaniya strateji tərəfdaşlığının real miqyasını əks etdirir”.
Ləman Sərraf






