"ABŞ qüvvələri ölkəyə girərsə, öz ərazimizi də bombalayarıq" - İranlı general
İran Ordusunun sözçüsü Məhəmməd Əkrəminia ölkənin televiziyasına verdiyi müsahibələrinin birində rəsmi Vaşinqtona xəbərdarlıq edib.
Patrul.az İran mediasına istinadən xəbər verir ki, o bildirib ki, ABŞ qüvvələri İran ərazisinə daxil olacağı təqdirdə, İran Silahlı Qüvvələr onları ölkə daxilində hədəfə alacaq.
General mövzu ilə bağlı mövqeyini bu şəkildə əsaslandırıb:
“Müharibə məntiqinə görə, əgər qarşı tərəf bir ölkənin ərazisinin bir hissəsini işğal edərsə, həmin dövlət düşmən qüvvələrinə itki vermək üçün öz ərazisini də hədəfə ala bilər”.
Ordu sözçüsü əlavə edib ki, ABŞ hərbiçiləri İran adalarından hər hansı birinə daxil olarsa, onlara elə həmin ərazilərdə zərbə endiriləcək.
Bildirilir ki, İran Ordusu rəsmisinin bu bəyanatı ABŞ-nin ölkədəki hərbi hədəflərə ardıcıl hava və raket zərbələri endirdiyi bir vaxta təsadüf edir.
Məlumat üçün bildirək ki, generalın “öz torpaqlarını bombalamaq” bəyanatı İranın uzun illərdir hazırladığı asimmetrik müdafiə planına – “Mozaik müdafiə” doktrinasına əsaslanır. Bu strategiyaya görə, düşmən qüvvələri hər hansı bir ərazini (məsələn, strateji adaları və ya sahil zolağını) ələ keçirərsə, həmin mövqelər plasdarma çevrilməsin deyə, İran ordusu öz infrastrukturunu belə məhv etmək bahasına oranı kütləvi atəşə tutacaq.
Gülbəniz Səfərova






