media-inshot_20260721_180546875

Son illərdə insanlar ən kiçik sualdan tutmuş gündəlik qərarlara qədər demək olar ki, hər məlumatı internetdə, xüsusilə də Google axtarış sistemində tapmağa üstünlük verirlər. Bir çox hallarda məlumatı yadda saxlamaq əvəzinə, “istənilən vaxt axtarıb tapa bilərəm” düşüncəsi formalaşır. Bu isə rəqəmsal texnologiyaların insan yaddaşına və düşünmə vərdişlərinə necə təsir göstərdiyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. İnsanlar hər məlumatı internetdə, xüsusilə də Google-da axtarmağa öyrəşdikcə bu, yaddaşın zəifləməsinə və məlumatı xatırlamaq qabiliyyətinə psixoloji baxımdan təsir edirmi?

Bu barədə psixoloq Nizami Orucov Patrul.az-a öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə,araşdırmalar göstərir ki, internetdən davamlı istifadə insanların məlumatı əzbərləməkdən çox, onu haradan tapacağını yadda saxlamasına səbəb olur:

“Bəli, bu mövzuda aparılan tədqiqatlar göstərir ki, internetdən və axtarış sistemlərindən davamlı istifadə yaddaşın işləmə tərzinə təsir göstərə bilər, lakin bu, birbaşa yaddaşın zəifləməsi demək deyil. Psixologiyada “Google effekti” və ya “rəqəmsal amneziya” adlandırılan anlayış var. İnsan məlumatı əzbərləmək əvəzinə, onu haradan tapacağını yadda saxlayır. Yəni beyin “bu məlumatı bilirəm” yox, “lazım olsa, internetdən taparam” prinsipi ilə işləməyə başlayır. Bu vəziyyət xüsusilə telefon və internetə daim çıxışı olan insanlarda daha çox müşahidə olunur. Məsələn, əvvəllər insanlar telefon nömrələrini, ünvanları və ya müxtəlif faktları yadda saxlayırdılar. Bu gün isə həmin məlumatları cihazlarda saxladıqları üçün onları əzbərləməyə ehtiyac duymurlar”.

N.Orucov qeyd edir ki,problem internetdə deyil, məlumatı düşünmədən və xatırlamağa çalışmadan daim hazır şəkildə axtarmaq vərdişindədir:

“Ancaq bu, beynin mütləq zəiflədiyi anlamına gəlmir. Əslində beyin öz resurslarını fərqli şəkildə bölüşdürür. Problem o zaman yaranır ki, insan hər kiçik məlumat üçün belə dərhal internetə müraciət edir və düşünmək, xatırlamağa çalışmaq vərdişini itirir. Bu, diqqətin dağılmasına, məlumatın dərin emal olunmamasına və uzunmüddətli yaddaşa köçürülməsinin zəifləməsinə səbəb ola bilər. Digər tərəfdən, internet düzgün istifadə edildikdə öyrənmə prosesini də gücləndirə bilər. Məlumatı sadəcə oxumaq yox, onu analiz etmək, müzakirə etmək və praktikada tətbiq etmək yaddaşı daha effektiv işlədir”.

media-img-20260423-wa0051

Psixoloqun sözlərinə görə, internetdən şüurlu istifadə etməklə yanaşı, yaddaşı müntəzəm məşq etdirmək koqnitiv və psixoloji sağlamlığın qorunması üçün vacibdir:

“Bu səbəbdən məqsəd internetdən imtina etmək deyil, ondan şüurlu istifadə etməkdir. Faydalı vərdişlərdən biri odur ki, hər məlumatı dərhal axtarmaq əvəzinə əvvəlcə onu xatırlamağa çalışaq. Kitab oxumaq, qeydlər aparmaq, yeni öyrəndiklərimizi başqasına izah etmək və diqqəti uzun müddət bir mövzu üzərində saxlamaq da yaddaşı aktiv saxlayan üsullardır. Qısacası, Google və digər axtarış sistemləri yaddaşı “silmir”, amma beynin məlumatı emal və xatırlama strategiyasını dəyişə bilir. Ona görə də rəqəmsal imkanlardan istifadə etməklə yanaşı, beynimizi müntəzəm şəkildə “məşq etdirmək” də psixoloji və koqnitiv sağlamlıq baxımından vacibdir.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər