"151 illik inkişaf yolu göstərir ki, milli mətbuat "Əkinçi"nin missiyasını uğurla davam etdirir" - Mehriban Vəliyeva
Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolu, media sahəsində aparılan islahatlar və müasir dövrdə milli medianın üzərinə düşən vəzifələr cəmiyyət üçün aktuallığını qoruyur.
Milli Məclisin deputatı Mehriban Vəliyeva mövzu ilə bağlı fikirlərini Patrul.az ilə bölüşərək, milli mətbuatın dövlətçilik tarixindəki rolundan və müasir informasiya məkanında qarşısında duran əsas çağırışlardan danışıb.
Deputat bildirib ki, Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuat Azərbaycan dövlətçiliyinin, milli kimliyin və azad söz ənənəsinin formalaşmasında mühüm rol oynayıb:
“Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulmuşdur. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” milli maarifçilik ideyalarının, ictimai tərəqqinin, milli özünüdərkin və azad düşüncənin əsas tribunasına çevrildi. Bu qəzet yalnız mətbuat orqanı deyil, milli oyanış hərəkatının ideoloji platforması idi. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Əkinçi”dən başlayan yol Azərbaycan xalqının azadlıq, demokratiya və müstəqillik uğrunda mübarizə tarixinin ayrılmaz hissəsinə çevrilmişdir. Məhz milli mətbuat xalqın milli kimliyinin qorunmasına, ana dilinin inkişafına və istiqlal ideyalarının formalaşmasına mühüm töhfə vermişdir. Sonrakı dövrlərdə “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Açıq söz” və digər qəzet-jurnallar milli mətbuat ənənəsini davam etdirərək Azərbaycan ictimai fikrinin inkişafında əhəmiyyətli rol oynadılar. Bu nəşrlər maarifçilik missiyasını genişləndirərək milli ideologiyanın və dövlətçilik düşüncəsinin formalaşmasına xidmət etdi. Müstəqillik dövründə Azərbaycan mediasının inkişafı məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildən etibarən həyata keçirilən siyasi və hüquqi islahatlar nəticəsində söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı”.
M.Vəliyeva qeyd edir ki,həyata keçirilən media islahatları Azərbaycanda söz azadlığının, peşəkar jurnalistikanın və informasiya təhlükəsizliyinin daha da gücləndirilməsinə xidmət edir:
“1998-ci ildə dövlət senzurasının ləğv edilməsi Azərbaycanın demokratik inkişaf tarixində dönüş nöqtəsi oldu. Bununla yanaşı, medianın fəaliyyətini tənzimləyən müasir qanunvericilik bazası yaradıldı, qəzetlərin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin təmin olunması və medianın vətəndaş cəmiyyətində rolunun artırılması istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirildi. Bu siyasət nəticəsində Azərbaycanda plüralist media mühiti formalaşdı, söz azadlığı konstitusion təminat aldı və milli mətbuat yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident cənab İlham Əliyevin rəhbərliyi dövründə milli media dövlət idarəçiliyinin, informasiya təhlükəsizliyinin və strateji kommunikasiyanın əsas istiqamətlərindən birinə çevrilmişdir. Dövlət başçısının təşəbbüsü ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul edilmiş, media sektorunun inkişafı sistemli dövlət siyasətinin mühüm istiqaməti kimi müəyyənləşdirilmişdir. 2021-ci ildə “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması və MEDİA Agentliyinin yaradılması media sektorunda institusional islahatların başlanğıcı oldu. Ardınca qəbul edilən “Media haqqında” Qanun isə çap, onlayn və rəqəmsal medianın fəaliyyətini müasir çağırışlara uyğun hüquqi çərçivəyə saldı. Bu islahatların əsas məqsədi informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, peşəkar jurnalistikanın inkişaf etdirilməsi, rəqabət qabiliyyətli milli media mühitinin formalaşdırılması və rəqəmsal transformasiyanın sürətləndirilməsi olmuşdur. Müasir dövrdə media artıq yalnız informasiya ötürən platforma deyil, həm də milli təhlükəsizliyin və dövlət kommunikasiya siyasətinin mühüm elementidir. Süni intellekt, rəqəmsal platformalar, sosial media, sürətli informasiya axını və qlobal kommunikasiya şəbəkələri medianın fəaliyyət istiqamətlərini köklü şəkildə dəyişdirib. Bu şəraitdə dezinformasiyaya qarşı mübarizə, media savadlılığının artırılması, informasiyanın düzgün yoxlanılması və cəmiyyətin operativ məlumatlandırılması milli medianın əsas vəzifələrindən birinə çevrilmişdir. Məhz bu baxımdan Milli Məclisdə qəbul edilən son qanunvericilik dəyişiklikləri ilə Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın bazasında Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur. Yeni model vahid media siyasətinin həyata keçirilməsinə, informasiya təhlükəsizliyinin gücləndirilməsinə, innovasiyaların tətbiqinə və medianın iqtisadi dayanıqlığının artırılmasına xidmət edəcək”.

Həmsöhbətimizin sözlərinə görə, 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə Azərbaycan mediası peşəkarlığı ilə ölkənin həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayıb:
“44 günlük Vətən müharibəsi Azərbaycan mediasının peşəkarlığını və milli məsuliyyətini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan jurnalistləri cəbhə bölgəsindən operativ məlumatlar təqdim etməklə yanaşı, Ermənistanın dezinformasiya kampaniyalarına qarşı effektiv informasiya mübarizəsi apardılar, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfə verdilər. Postmüharibə dövründə də media Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərini, Böyük Qayıdış proqramını və Azərbaycanın regional sülh gündəliyini beynəlxalq auditoriyaya çatdırmaq istiqamətində mühüm missiyanı davam etdirir. Bu gün Azərbaycan mediası artıq yalnız daxili auditoriyaya deyil, qlobal informasiya məkanına hesablanmış kommunikasiya strategiyasının mühüm iştirakçısına çevrilmişdir. Son illər Prezidentin təşəbbüsü ilə keçirilən Şuşa Qlobal Media Forumu beynəlxalq media əməkdaşlığının nüfuzlu platformalarından birinə çevrilmişdir. 2026-cı ildə “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumu müxtəlif ölkələrdən media rəhbərlərini, ekspertləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirdi. Forum çərçivəsində media etikası, süni intellekt dövründə jurnalistikanın gələcəyi, dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası kimi aktual məsələlər geniş müzakirə olundu. Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq media diplomatiyasının mühüm mərkəzlərindən biri kimi tanınır. Azərbaycan dövləti milli medianın iqtisadi dayanıqlığının gücləndirilməsini də prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Media subyektlərinə tətbiq edilən vergi güzəştləri, jurnalistlərin güzəştli ipoteka imkanlarından istifadə hüququ, peşə fəaliyyətinə dövlət dəstəyi mexanizmləri və sosial müdafiə tədbirləri bu sahəyə göstərilən sistemli qayğının göstəricisidir”.
Deputatın fikrincə, Azərbaycan milli mətbuatı bu gün dövlət maraqlarının qorunması, informasiya təhlükəsizliyinin təmin edilməsi və cəmiyyətin düzgün məlumatlandırılmasında strateji rol oynayan mühüm institutdur;
“Eyni zamanda, Prezident cənab İlham Əliyevin sərəncamları ilə milli mətbuatın 125, 130, 135, 140, 145, 150 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması və “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalının təsis edilməsi jurnalist əməyinə verilən yüksək qiymətin təzahürüdür.
Müasir geosiyasi proseslər göstərir ki, informasiya məkanı artıq dövlətlər arasında rəqabətin əsas platformalarından biridir. Belə şəraitdə Azərbaycan mediasının qarşısında duran əsas vəzifə yalnız operativ informasiya yaymaq deyil, həm də milli maraqları qorumaq, cəmiyyətin düzgün məlumatlandırılmasını təmin etmək, saxta xəbərlərə və manipulyativ informasiya kampaniyalarına qarşı peşəkar mübarizə aparmaqdır. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə daim sadiq qalmalıdır. 151 illik inkişaf yolu göstərir ki, Azərbaycan milli mətbuatı “Əkinçi”dən başlayan maarifçilik missiyasını bu gün rəqəmsal dövrün yeni reallıqları ilə uğurla uzlaşdırır. Dövlətin həyata keçirdiyi ardıcıl media siyasəti, qanunvericilik islahatları, rəqəmsallaşma, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi və beynəlxalq media əməkdaşlığının genişləndirilməsi milli medianın gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Bu gün Azərbaycan mediası təkcə xəbərin daşıyıcısı deyil, dövlət maraqlarının müdafiəsində, milli həmrəyliyin möhkəmləndirilməsində, beynəlxalq informasiya məkanında ölkəmizin mövqeyinin gücləndirilməsində və ictimai etimadın formalaşdırılmasında strateji rol oynayan mühüm institut kimi fəaliyyət göstərir. Milli mətbuatımızın keçdiyi zəngin yol gələcək inkişaf üçün etibarlı təməl olmaqla yanaşı, Azərbaycan dövlətinin müasir kommunikasiya siyasətinin də mühüm dayaqlarından biri olaraq qalır”.
Cəmilə Cəfərzadə






