media-file_00000000c86081f59cfc9905a61dc8f2

Bir vaxtlar proqramlaşdırma yalnız yüksək texniki bilik tələb edən mürəkkəb sahə hesab olunurdu. Bu gün isə süni intellekt kod yazmaq, səhvləri tapmaq və proqram təminatının hazırlanması prosesinə kömək etmək imkanına malikdir. İlon Maskın “ilin sonuna qədər proqramlaşdırmaya ehtiyac qalmayacaq” fikri isə texnologiyanın gələcəyi ilə bağlı yeni müzakirələr yaradıb. Bəs bu, real proqnozdur, yoxsa süni intellektin imkanlarını vurğulayan iddialı yanaşmadır?

Patrul.az İlon Maskın proqramlaşdırmanın gələcəyi ilə bağlı səsləndirdiyi fikirlərin nə dərəcədə real olduğu mövzusunda İT mütəxəssisi Elvin Abbasovun mövqeyini öyrənib.

Həmsöhbətimiz  bildirib ki, İlon Maskın bu fikri real texnoloji reallığı tam əks etdirməkdən daha çox, süni intellektin inkişaf tempinə diqqət çəkmək və prosesi sürətləndirmək üçün səsləndirilən iddialı bir yanaşma kimi dəyərləndirilə bilər:

“Generativ süni intellekt modelləri kod yazılışı, xətaların tapılması və rutin tapşırıqların avtomatlaşdırılmasında böyük sıçrayış etsə də, proqramlaşdırmanın tamamilə aradan qalxması yaxın müddətdə real görünmür”.

media-file_00000000c86081f59cfc9905a61dc8f2

E. Abbasovun sözlərinə görə, proqram təminatının yaradılması sadəcə sintaksis və ya kod yazmaqdan ibarət deyil:

“Bura mürəkkəb sistem arxitekturasının qurulması, biznes məntiqlərinin analizi, kibertəhlükəsizlik standartlarının təminatı və gözlənilməz texniki problemlərin həlli daxildir. Süni intellekt mövcud məlumatlar əsasında yüksək sürətlə kod generasiya edə bilsə də, kritik sistemlərdə cavabdehlik, mühəndis intuisiyası və strateji qərarvermə mərhələsində insan amilinin rolunun saxlanılması zərurət kimi qala bilər”.

İT mütəxəssisi qeyd edib ki, bu baxımdan, ənənəvi proqramlaşdırma anlayışının yoxa çıxması əvəzinə, insan mütəxəssislərlə süni intellektin birlikdə fəaliyyət göstərdiyi hibrid modelə üstünlük verilməsi daha effektiv yanaşma hesab oluna bilər:

“Bu hibrid modeldə süni intellekt rutin kodlaşdırma və ilkin prototipləşdirmə mərhələsini öz üzərinə götürərək vaxt itkisini azalda bilər. İnsan mühəndislər isə sistemlərin təhlükəsizliyi, optimallaşdırılması və son qərarvermə mərhələsinə fokuslana bilərlər. Texnologiya ilə insan təcrübəsinin bu cür sinerjisinin gələcəkdə proqram təminatı mühəndisliyini ləğv etməyəcəyi, əksinə onu daha yüksək səviyyəli və strateji bir peşəyə çevirə biləcəyi ehtimal olunur”.

Ləman Sərraf


Bənzər xəbərlər