Gənclər arasında borclanma niyə sürətlə artır? Ekspert açıqladı
“İndi al, sonra ödə” kimi sistemlərin populyarlaşması gənclərin borclanmasını sürətləndirir. Asan əldə olunan alış-veriş imkanları qısamüddətli rahatlıq yaratsa da, gələcək maliyyə yükünü artıra bilər.
Bəs gənclər arasında borclanmanın artmasının əsas səbəbləri nədir və bu tendensiya gələcəkdə ailə büdcələrinə hansı riskləri yarada bilər?
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir Abdullayeva Patrul.az-a açıqlamasında bildirib ki, gənclərin gəlirlərindən artıq xərcləməyə meyilli olması fikri bütün gənclərə aid edilə bilməz. Bununla belə, bəzi gənclər arasında geniş yayılan “indi al, sonra ödə” tendensiyası borclanmanın artmasına ciddi təsir göstərir.
Ekspertin sözlərinə görə, bu tendensiya qısamüddətli dövrdə müəyyən maliyyə rahatlığı yaratsa da, uzunmüddətli perspektivdə ailə büdcələri üçün ciddi iqtisadi risklər formalaşdırır:
“Belə ki, gəlirdən artıq xərcləməyə meyillilik insanlarda maliyyə imkanlarını aşan istehlak davranışı yaradır. Ödənişlərin dərhal həyata keçirilməməsi məsuliyyət hissinin psixoloji təsirini zəiflədir və nəticədə insanlar ehtiyaclarından artıq məhsul və xidmət istehlak etməyə başlayırlar. Sosial şəbəkələrin və rəqəmsal marketinqin təsiri altında bu davranış xüsusilə gənclər arasında daha da güclənir”.

Professor qeyd edib ki, borclanmanın əsas risklərindən biri gəlirin böyük hissəsinin gələcək ödənişlərə yönəlməsidir:
“Qəfil iş itkisi və ya gəlirlərin, o cümlədən əməkhaqqının azalması ailə büdcəsində ciddi maliyyə çətinlikləri yarada bilər. Eyni zamanda, faiz dərəcələrinin artması mövcud borcların qaytarılmasını daha da çətinləşdirir. Digər mühüm təhlükələrdən biri “borc dövrəsi”nin formalaşmasıdır. Belə hallarda borclanmış şəxs əvvəlki öhdəliklərini ödəmək üçün yeni kredit və ya yeni təxirəsalınmış ödəniş xidmətlərindən istifadə etməyə məcbur olur. Bu isə borc yükünün daha da ağırlaşmasına səbəb olur”.
Onun fikrincə, uzunmüddətli perspektivdə bu tendensiya sosial təhlükəsizliyə də mənfi təsir göstərir:
“Gəlirlərin düzgün idarə olunmaması, həmçinin ailədaxili münaqişələri artırır, maliyyə stressini dərinləşdirir və nəticə etibarilə bank-maliyyə sektoru üçün də əlavə risklər yaradır. Bundan başqa, maliyyə savadlılığının aşağı olduğu hallarda bu cür ödəniş mexanizmləri nəzarətsiz istehlakı stimullaşdıraraq şəxslərin gələcək yığım imkanlarını zəiflədir.
Ümumilikdə, “indi al, sonra ödə” mexanizmi yalnız gəlir sabitliyi və ödəmə qabiliyyəti düzgün qiymətləndirildikdə faydalı maliyyə aləti hesab oluna bilər”.
Cəmilə Cəfərzadə






