Az Servis MMC əməkdaşları maaşların gecikdirildiyini iddia edirlər - VİDEO
Patrul.az redaksiyasına Az Servis MMC-də çalışan bir qrup əməkdaş tərəfindən kollektiv şikayət daxil olub.
Şikayətçilərin sözlərinə görə, əmək müqaviləsi əsasında çalışmalarına baxmayaraq, onlara hesablanmış əmək haqları qanunvericilikdə və əmək müqavilələrində nəzərdə tutulan müddətdə ödənilməyib.
İşçilər bildirirlər ki, əmək haqlarının ödənilməsi artıq 15 gündən çoxdur gecikdirilir. Onların iddiasına görə, məsələ ilə bağlı dəfələrlə işəgötürənə müraciət etsələr də, maaşların nə vaxt ödəniləcəyi barədə onlara aydın və qaneedici məlumat verilməyib.
Şikayət müəllifləri hesab edirlər ki, bu hal Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı tələblərinin pozulmasıdır və onların əmək hüquqlarına mənfi təsir göstərir.
Bu səbəbdən əməkdaşlar Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinə kollektiv şikayət ərizəsi ilə müraciət edərək məsələnin araşdırılmasını, işəgötürən barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsini və gecikdirilmiş əmək haqlarının ödənilməsinin təmin edilməsini xahiş ediblər.
Patrul.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.






