media-img-20260625-wa0061

Ağıllı qapı kameraları ev təhlükəsizliyini artırsa da, mütəxəssislər onların müəyyən kibertəhlükələrə qarşı həssas ola biləcəyini bildirirlər. İnternetə qoşulan bu cihazların hakerlər tərəfindən ələ keçirilməsi ehtimalı ev sahiblərinin şəxsi həyatının gizliliyinə dair narahatlıqları artırır.

Bəs ağıllı qapı kameraları həqiqətən nə qədər təhlükəsizdir? Hakerlər bu cihazlara necə müdaxilə edə bilər və belə hallarda ev sahiblərinin görüntüləri, şəxsi məlumatları hansı risklərlə üzləşə bilər? 

Bu barədə İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, ağıllı kameraların ələ keçirilməsi riski əsasən zəif parollar, gecikdirilən yeniləmələr və qorunmayan hesab və şəbəkələrdən qaynaqlanır:

“Ağıllı qapı kameraları və digər IoT (Əşyaların İnterneti) cihazları gündəlik həyatda təhlükəsizliyi artırsa da, düzgün qorunmadıqda kibercinayətkarların hədəfinə çevrilə bilər. Belə cihazların hakerlər tərəfindən ələ keçirilməsi mümkündür, lakin bu, əksər hallarda istehsalçı və ya istifadəçi tərəfindən buraxılan təhlükəsizlik boşluqlarından qaynaqlanır. Məsələn, zavod parolunun dəyişdirilməməsi, sadə parollardan istifadə olunması, proqram təminatının vaxtında yenilənməməsi və ya kamera hesabında iki faktorlu identifikasiyanın aktiv edilməməsi hakerlərin həmin sistemlərə icazəsiz giriş əldə etməsini asanlaşdıra bilər. Bəzi hallarda isə kamera deyil, onun qoşulduğu bulud hesabı və ya evin Wi-Fi şəbəkəsi hədəfə alınır”.

media-img-20260625-wa0050

B.Əliyev qeyd edir ki, ağıllı kameraların ələ keçirilməsi təkcə məxfilik pozuntusu deyil, həm də ev və ailənin fiziki təhlükəsizliyi üçün ciddi risk yarada bilər:

“Belə bir hücum baş verdikdə risk yalnız görüntülərin izlənilməsi ilə məhdudlaşmır. Hakerlər ev sahiblərinin gündəlik həyat tərzini, evdə olub-olmadıqlarını, gediş-gəliş saatlarını və ailə üzvləri barədə məlumatları müşahidə edə bilərlər. Əgər cihaz mikrofon funksiyasına malikdirsə, səs yazılarının əldə edilməsi də mümkündür. Bu məlumatlar sonradan sosial mühəndislik hücumlarında, şəxsi məlumatların oğurlanmasında, hətta fiziki oğurluq hadisələrinin planlaşdırılmasında istifadə oluna bilər. Buna görə də ağıllı kameraların təhlükəsizliyi yalnız rəqəmsal məxfilik məsələsi deyil, eyni zamanda fiziki təhlükəsizlik məsələsidir”.

Ekspertin sözlərinə görə, sadə kibertəhlükəsizlik qaydalarına əməl etməklə ağıllı qapı kameralarının haker hücumlarına məruz qalma riskini xeyli azaltmaq mümkündür:

“İstifadəçilər bu riskləri minimuma endirmək üçün güclü və unikal parollardan istifadə etməli, iki faktorlu identifikasiyanı aktivləşdirməli, cihazın proqram təminatını mütəmadi yeniləməli və yalnız etibarlı istehsalçıların məhsullarına üstünlük verməlidirlər. Bundan əlavə, evdə istifadə olunan Wi-Fi şəbəkəsinin müasir şifrələmə standartları ilə qorunması və ağıllı cihazların mümkün olduqda ayrıca şəbəkəyə qoşulması da təhlükəsizliyi əhəmiyyətli dərəcədə artırır. Düzgün kibertəhlükəsizlik tədbirləri görüldükdə ağıllı qapı kameralarından təhlükəsiz və etibarlı şəkildə istifadə etmək mümkündür”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər