media-inshot_20260501_222902276

Son bir neçə ildə iş mühitində olan insanların həddən artıq gərgin, aqressiv və yorğun olduğunu müşahidə edirik. Məsələn, kassir işləyən bir xanım alıcının adi sualına elə kobud cavab verir ki, düşünürsən: “axı alıcı ondan nə soruşdu?” Xüsusən də belə hallara axşam saatlarında çalışan insanlarda daha çox rast gəlinir. İş mühiti insanları elə yorur ki, evə gəldikdə ya heç bir kəlmə belə kəsmirlər, ya da istəmsiz şəkildə aqressiv davranışlar sərgiləyirlər.

Bununla bağlı BMT-nin Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2026-cı ilin aprelində dərc olunan “Psixososial iş mühiti: Qlobal inkişaflar və fəaliyyət yolları” adlı yeni hesabatda iş mühitindəki psixososial risklərin hər il dünyada 840 000-dən çox insanın ölümünə səbəb olduğu müəyyən edilib. Bu ölüm hallarının 784 000-i ürək-damar xəstəlikləri, 56 000-i isə depressiya və intihar da daxil olmaqla psixi pozuntularla bağlıdır.

Əsas səbəblər kimi uzun iş saatları (həftədə 55 saatdan çox), iş gərginliyi, iş yerində təzyiq, zorakılıq, təqib (bullinq) və qeyri-sabit məşğulluq göstərilir. Bir sözlə, psixososial faktorlar hər il təxminən 45 milyon sağlam həyat ilinin itirilməsinə səbəb olur.

Bəs, iş mühitində gərginliyi azaltmaq üçün nələr etmək lazımdır?

Bununla bağlı psixoloq Aytən Ələkbərova öz iş mühitindəki müşahidələrini Patrul.az-la bölüşüb.

Onun sözlərinə görə, insanda gərginliyin yaranmasına müxtəlif faktorlar səbəb ola bilər:

“Son bir neçə ilə yaxındır ki, iki məsələ çox aktivdir. Onlardan biri işdə gərginlik, digəri isə abituriyentlərin yükləri və onların valideynlərlə olan münasibətləridir. İşdə gərginlik təkcə emosional deyil, həm də fiziki davranış səviyyəsindədir və ciddi təsirlər yarada bilir. Gərginliyin uzun müddət davam etməsi isə təbii olaraq işin gedişatına və hətta şəxsi həyata da mənfi təsirlər göstərməyə başlayır. Ona görə ki, işin yükü evə gətirilir, evin yükü isə əksinə işə aparılır”.

Psixoloq müşahidələrinə əsasən, iş mühitində olan şəxsin başqasının mənfi davranışının da ona təsir göstərdiyini deyir:

“Burada başqa psixoloji təsirlər də var. Fikir verirsən ki, insan daimi olaraq narahatdır, gərginlik içərisindədir. Bunlar da psixi halın tez-tez dəyişməsinə, motivasiya itkisinə səbəb olur. Amma biz bunun işdə yaranan problem olduğunu, yoxsa həmin şəxsin evdən gətirdiyi psixoloji təsirlər olduğunu müəyyən etməliyik. Bəzən mənə müraciət edən onkoloji və diabet xəstələrinə baxıram ki, onların ruh halı ətrafındakı insanlara da mənfi təsir göstərir. Məsələn, onlara nəzarət edən həkimlər deyir ki, “hər gün deyir ağrıram”, “biri deyir pəncərəni açmaq istəyirəm”, amma aça bilmirik” kimi ifadələr səsləndirirlər.

Hətta onkoloji xəstə də “istəmirəm kimsə mənə xəstə kimi baxsın” deyərək bildirir ki, bu, ona psixoloji zorakılıq kimi təsir edir. Yəni müraciət edən hər kəs özünəməxsus psixi xüsusiyyətlərini ortaya qoyur.

Ümumiyyətlə, işin alma və vermə impulsları var. Biz baxırıq ki, nələr baş verir: fiziki təsirlər, baş ağrıları, boyun və çiyin gərginlikləri, yuxudan tez-tez oyanma, işə gecikmə qorxusu, ürək döyüntüsünün artması da davranışa və işin performansına birbaşa təsir edir”.

media-inshot_20260501_222518002

Həmsöbətimiz qeyd edir ki, xroniki yorğunluq iş sistemindəki gedişata da istəmsiz şəkildə təsir edir:

“Rəhbərlik və müavinlər tərəfindən bir işçi bazasını misal çəksək, tapşırılan işin icrasında davranış və performansda gərginlik varsa, bu, diqqətin dağınıqlığına və unutqanlığa gətirib çıxarır. Artıq burada xroniki yorğunluq baş verdiyindən mexaniki səhvlərin artmasına səbəb olur.

Mexaniki səhvlər isə bəzən ciddi iş sistemlərində böyük problemlərin yaranmasına gətirib çıxarır. Belə halda işdən qaçmalar, gecikmələr, konfliktə meyillik, kollektivlə münasibətlərin pisləşməsi, tükənmişlik yaranır. Bunlar insanın iş sistemində olan psixoloji təhlükələrdir”.

A. Ələkbərova bu cür hallar zamanı stressi, yorğunluğu və gərginliyi azaltmaq üçün əsas tövsiyələrini də verib:

“Bunlardan qurtulmaq üçün qısa tövsiyə verərdim. İş və istirahət balansını nə olursa-olsun qorumaq lazımdır. Məsələn, 1-3 saat aralığında nahar fasiləsi zamanı qısa yuxuya dalmaq faydalıdır. Yeməkdən də vacibi 15 dəqiqəlik yuxudur. Daha sonra gündəlik qısa fasilələr yaratmaq, xüsusilə kompüterdə işləyən insanlar üçün çox önəmlidir.

İşdən sonra fiziki aktivlik – yürüş, üzgüçülük də insana müsbət təsir göstərir.

Eyni zamanda duyğuları ürəkdə saxlamamaq vacibdir. Bu, kiminsə üzərinə əsəbi şəkildə qışqırmaq demək deyil. Sadəcə müəyyən duyğular var ki, onları dilə gətirməklə insan rahatlayır.

Məsələn, Avropa ölkələrində hər 6 aydan bir iş sistemi çərçivəsində insanlar psixoloqla danışaraq növbəti dövrə daha pozitiv başlayırlar. Onlar üçün ən yaxşı məzuniyyət məhz bu sayılır və bu yolla psixoloji gərginlikdən azad olurlar. Nəticədə insan həm ailədə yaxşı övlad yetişdirir, həm də işini düzgün qurur, balans yaradır. Bu da insanın öz əlindədir. Lakin belə sistem Azərbaycanda da tətbiq olunsa, insanlar işlərinə daha səmərəli davam edə bilərlər”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər