"Görüşlərin ölkəmizdə keçirilməsi TDT-də Azərbaycanın liderlik rolunu artırır" - Turan Rzayev
“Azərbaycan həm Türk Dövlətləri Təşkilatının yaranmasında, həm bugünkü fəaliyyətində, həm də gələcək perspektivlərinin müəyyənləşməsində çox mühüm ölkədir. Türk Dövlətləri Təşkilatı gələcəkdə mövcud problemləri həll edə biləcək təşkilatdır. Yəni qarşıda bizi gözləyən geosiyasi vəziyyətdə diqqət çəkən təşkilatlardan olacaq, xüsusilə onun çəkisi və əhəmiyyəti böyükdür”.
Bu sözləri 7 oktyabr tarixində Qəbələdə baş tutan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünü Patrulaz.az-a şərh edən politoloq Turan Rzayev deyib.
“Bu gün təşkilat yalnız müəyyən toplantılar keçirib dövlətlərarası qərarlar versə də, gələcəkdə onun siyasi çəkisi və hərbi ağırlığı da olacaqdır. Burada Azərbaycanın verəcəyi qərarlar xüsusilə önəmlidir. Çünki TDT daxilində ölkələrin siyasi görüşləri, ideoloji fərqlilikləri və sistem fərqlilikləri açıq şəkildə nəzərə çarpır.
Məsələn, Türkiyədə daha çox milliyyətçi və islamçı ideologiya hakimdir. Bu ideologiya keçmiş Sovet respublikası olan digər Türk dövlətləri ilə tam uzlaşmır. Mərkəzi Asiyada isə islam dininin ideoloji cərəyanları mövcuddur və bu siyasətlər özünü göstərir, amma Türkiyə kimi açıq siyasətdə deyil. Mərkəzi Asiya və Azərbaycan kimi Türk dövlətləri din məsələsini ikinci plana ataraq milli planı önə çəkir. Türkiyə isə bu məsələyə bir qədər fərqli yanaşır.
Azərbaycan Türkiyədən fərqli olaraq məsələyə daha praqmatik, realistik və temkinli yanaşır. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının gələcək siyasi xəttində bu çox önəmlidir. Hazırkı dövrdə təşkilatın güclənməsini istəməyən kifayət qədər dövlətlər mövcuddur. Bu qüvvələr təşkilatın irəliləməməsi üçün əlindən gələni edir və bunu özlərinə təhlükə kimi görürlər.
Azərbaycan kimi ölkələr bu məsələdə praqmatik yanaşır və mesaj verir ki, TDT-nin məqsədi heç bir ölkənin ərazisini işğal etmək və ya ərazi bütövlüyünü pozmaq deyil. Məqsəd yalnız regional aktor olaraq özünü göstərmək, əməkdaşlıq təşkil etmək və təhlükəsizliyi təmin etməkdir. Mən Türk Dövlətləri Təşkilatının yekun məqsədinin Avropa İttifaqı və NATO nümunəsində olduğu kimi vahid bir sistem olacağını düşünürəm. Yəni, öz hərbi gücü, azad iqtisadi zonaları ilə vahid bir mərkən olacaq. Azərbaycan hər zaman, bu 30 ildən artıq müstəqillik dövrümüzə baxdıqda, ehtiyatlı və balanslı mövqe ilə irəliləyib. İndiki məqamda Türkiyə radikal siyasət aparsa da, məsələn, İraqda, Suriyada, Liviyada hərbi əməliyyatlar keçiribsə, Azərbaycan heç vaxt bu tip addımlar atmayıb. Əslində, təşkilatın gələcəkdə hansı xətt tutacağı bugünkü görüşlərdən çox asılıdır. Təşkilat əgər təhdidkar bir fonda inkişaf edərsə, əlbəttə ki, burada maraqlı olmayan qüvvələr də olacaqdır”.

T.Rzayevin sözlərinə görə, Azərbaycan həm Türkiyəni, həm də Mərkəzi Asiyanı yaxşı tanıyır və coğrafi, tarixi və siyasi fərqləri bilir. Onun fikrincə, bu mövqe Azərbaycanın praqmatik və realistik liderlik fonunda TDT-də rol oynamağa imkan verəcək:
“Azərbaycan həm Türkiyəni, həm Mərkəzi Asiyanı yaxşı tanıyır. Əslində Anadolu və Türkistan coğrafiyası arasında 200 ildən artıq bir fərq mövcuddur. Rusiya təsirində olan Türkistan coğrafiyası qərb meyilli, Şərq coğrafiyasındakı Türkiyə isə ideoloji təsirlərlə əhatəlidir. Azərbaycan bu iki fərqin ortasındadır və hesab edirəm ki, görüşlərin Azərbaycanda keçirilməsi, gələcəkdə təşkilatlarda Azərbaycanın liderlik fonunda imkan yaratması praqmatizm və realistik yanaşma üzərində olacaqdır ki, bu da təşkilatın inkişafı üçün çox mühümdür.
Türkiyədəki siyasi ideologiya və sistem Mərkəzi Asiya ilə çox fərqlidir. Məsələn, Türkmənistan kifayət qədər qapalı ölkədir, bu onların öz müdafiə instinktindən qaynaqlanan yanaşmasıdır. Bu sistem ehtiyatlı mövqe sərgiləyir və diqqətlə gedən prosesləri izləyir. Qırğızıstan isə Rusiyaya meylli siyasət yürüdür. Qazaxstan balans siyasəti yeridir, Özbəkistan və Azərbaycan isə daha praqmatik mövqedən çıxış edirlər. Göründüyü kimi, təşkilat daxilində fərqli baxışlar mövcuddur. Amma bu fərqliliklərin aradan qaldırılması fonunda inkişaf əldə edilə bilər. Burada Azərbaycan kimi yanaşma sərgiləyən ölkənin mövcudluğu sevindirici və ümidverici amildir. Bir daha qeyd edim ki, Özbəkistan da Azərbaycan kimi xətt tutubdur və bu baxımdan artıq təşkilatın gələcək xəttində Azərbaycan kimi bir siyasətin yeridilməsi tendensiyaları görünür”.
Cəmilə Cəfərzadə






