Gözlər üzərində, qərarlar təzyiq altında: “Başqası nə deyər?” düşüncəsi ilə yaşamaq doğrudurmu?
Millətlər bir-birindən cəmiyyətlərində formalaşmış xüsusiyyətlərinə görə fərqlənirlər. Yaxın Şərq, Qərb və Avropa cəmiyyətləri arasında ciddi fərqlər mövcuddur. Bu fərqlər içində ən kəskin şəkildə seçilən isə Yaxın Şərqdir. Bu regionda insanlar mədəni dəyərlərin dərinliyi ilə fərqlənirlər.
Azərbaycan da bu mədəniyyətlər sırasına daxildir. Bizim cəmiyyətimizdə adətən heç nəyə əhəmiyyət vermədən, öz istədiyi kimi yaşayan insanlara “avropasayağı həyat tərzi” sürür deyilir. Yəni cəmiyyətimizdə insanlar çox zaman öz fikirlərindən daha çox başqalarının düşüncələrini həyatlarında ön plana çəkirlər.
“Başqası nə deyər” düşüncəsi ilə yaşamaq bir çoxları üçün prioritetə çevrilib. Bəs bu düşüncə tərzi ilə yaşamaq və buna uyğun addımlar atmaq psixoloji baxımdan nə dərəcədə doğrudur?
Bu barədə Patrul.az-a fikirlərini bölüşən psixoloq Aytən Ələkbərova bildirib ki, bu cür düşüncə ilə yaşayan insanlar əslində başqalarını deyil, onların gözündə özlərini necə gördüklərini düşünürlər:
“Bəzən insanlar “mən bu işin arxasınca getsəm nə olacaq?”, “Görəsən mən onla evlənsəm necə olacaq?”, “Hamı mənim arxamca danışacaq…” kimi fikirləri düşündükcə beyin də onu artıq proqramlaşdırmağa başlayır. İnsan nə qədər etdiyi işin düzgünlüyünü bilsə belə, onun beynində kiməsə, nəyisə danışmaq gücü olur. Çünki insan danışmağı – böyüklər danışılmağı, kiçiklər isə danışmağı seçir. Ona görə də bu cür kiçik düşüncələrlə “kim nə deyər”in arxasınca gedirlər. Amma sən əgər öz potensialına, psixoloji imunitetinə əminsənsə, işində daha çox uğur qazana bilərsənsə, heç bu haqda düşünməməlisən”.
Psixoloqun sözlərinə görə, “başqası nə deyər” düşüncəsi insanda anadangəlmə olmur, bu, müəyyən yaş dövründən sonra formalaşır:
“Bu baxır hansı yaş dövründəki düşüncələrdir. 18-19 yaşında insan emosiallarının arxasınca gedir. Emosional hər hansısa bir durumunda – özünü hətta “eyforiya” vəziyyətində idarə edə bilmədiyin halda belə heç bu haqda düşünə bilmirsən. Yəni, insan müəyyən bir yaş dövründən sonra “başqası nə deyər” düşüncəsinə qapılır”.
A.Ələkbərova qeyd edib ki, bu cür insanlar əslində “idraki empatiya” qurmağa çalışırlar:
“‘İndi bu addımı atmağın vaxtı deyil’, “Mən onun kimi geyinsəm, normal qarşılanmaz” kimi fikirlər insanın beynində daim dövr edir. Bu düşüncələr insanın özünə verdiyi dəyərlə də bağlıdır. Yəni başqasının fikrini nəzərə alaraq addım atmaqla insan ilk növbədə qarşı tərəfi deyil, özünü düşünür. Özünü başqalarının yerinə qoyaraq “Mən onu belə görsəydim, hansı fikrə gələrdim?” deyə düşünür. Bu zaman insan eqosunu bir qədər kənara qoyaraq daha rasional qərarlar verə bilir.
Buradan da o nəticəyə gəlmək olar ki, insanlar başqalarının düşüncəsini fikirləşdiyi üçün deyil, “idraki empatiya qurmaq” yolu ilə gedirlər. Belə insanların hətta sonradan uğur qazandıqlarının da şahidi olmuşam”.
Gülbəniz Səfərova






