"Güclü dövlət güclü media ilə tamamlanır" - Elnarə Akimova
22 İyul – Milli Mətbuat Günü münasibətilə ölkəmizdə milli mətbuatın keçdiyi tarixi yol, medianın cəmiyyətdəki rolu və müasir dövrdə üzərinə düşən məsuliyyət bir daha diqqət mərkəzinə gəlib.
Milli Məclisin deputatı Elnarə Akimova bu münasibətlə Patrul.az-a açıqlamasında Azərbaycan mətbuatının keçdiyi inkişaf yolundan, dövlətin media siyasətindən və jurnalistlərin cəmiyyət qarşısındakı məsuliyyətindən danışıb.
Deputat bildirib ki,Azərbaycan mətbuatı “Əkinçi” qəzeti ilə əsası qoyulan zəngin ənənələrini bu gün də uğurla davam etdirir və müstəqillik dövründə həyata keçirilən dövlət siyasəti, eləcə də mediaya göstərilən dəstək onun inkişafında mühüm rol oynayır:
“Milli mətbuat hər bir dövlətin intellektual gücünü, ictimai düşüncəsini və milli yaddaşını yaşadan ən mühüm sütunlardan biridir. Azərbaycan mətbuatı isə 151 il əvvəl Həsən bəy Zərdabinin böyük fədakarlıqla nəşr etdiyi “Əkinçi” qəzeti ilə başlayan şərəfli yolunu bu gün də uğurla davam etdirir. Bu yol təkcə jurnalistikanın deyil, həm də xalqımızın milli özünüdərkinin, maarifçiliyinin və dövlətçilik təfəkkürünün tarixidir.
Müstəqil Azərbaycanda milli mətbuatın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Ümummilli Lider Heydər Əliyevin mətbuatın azad inkişafına göstərdiyi diqqət, senzuranın ləğvi ilə bağlı verdiyi tarixi qərar Azərbaycan mediasının yeni inkişaf mərhələsinin əsasını qoydu. Bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Medianın hüquqi bazasının təkmilləşdirilməsi, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, peşəkar medianın inkişafına dövlət dəstəyinin göstərilməsi, MEDİA Agentliyinin fəaliyyəti və jurnalistlər üçün həyata keçirilən çoxsaylı layihələr ölkəmizdə mətbuata verilən yüksək dəyərin bariz nümunəsidir”.

E.Akimova qeyd edir ki, informasiya təhlükəsizliyinin ön plana çıxdığı dövrdə peşəkar və məsuliyyətli media milli maraqların qorunmasında, dezinformasiyaya qarşı mübarizədə və cəmiyyətin düzgün məlumatlandırılmasında mühüm rol oynayır:
“Bu gün informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib. Belə bir dövrdə jurnalistin məsuliyyəti daha da artır. Həqiqəti cəmiyyətə çatdırmaq, dezinformasiyaya qarşı mübarizə aparmaq, milli maraqları peşəkarlıqla müdafiə etmək müasir medianın əsas missiyalarındandır. Xüsusilə 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövr göstərdi ki, informasiya cəbhəsində qazanılan uğurlar da hərbi qələbələr qədər əhəmiyyətlidir.
Hesab edirəm ki, güclü dövlət güclü media ilə tamamlanır. Peşəkar, məsuliyyətli və milli maraqları hər şeydən üstün tutan mətbuat cəmiyyətin sağlam inkişafına, dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə, milli həmrəyliyin güclənməsinə xidmət edir. Azərbaycan mediasının bu gün beynəlxalq platformalarda ölkəmizin haqq səsini inamla çatdırması da bunun göstəricisidir”.
Deputat sözlərinə görə, milli mətbuat zəngin ənənələrinə sadiq qalaraq müasir çağırışlara uyğun inkişafını davam etdirəcək və dövlətçiliyin, cəmiyyətin maariflənməsinin, eləcə də milli maraqların müdafiəsinə bundan sonra da mühüm töhfələr verəcək:
“Əminəm ki, milli mətbuatımız zəngin ənənələrinə sadiq qalaraq, müasir çağırışlara uyğun şəkildə inkişafını davam etdirəcək, dövlətçiliyimizin möhkəmlənməsinə, cəmiyyətimizin maariflənməsinə və milli maraqlarımızın müdafiəsinə bundan sonra da layiqli töhfələr verəcək.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini səmimi-qəlbdən təbrik edir, qələmlərinə qüvvət, sözlərinə nüfuz, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram. Bu şərəfli peşənin daşıyıcıları hər zaman həqiqətin, milli maraqların və dövlətçilik məfkurəsinin keşiyində dayansınlar”.
Cəmilə Cəfərzadə
